BSU-da “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda beynəlxalq elmi-praktik seminar keçirilir

  

  

     Dekabrın 13-də Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının təşəbbüsü, Bakı Slavyan Universitetinin (BSU) dəstəyi və təşkilatçılığı ilə BSU-da “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda beynəlxalq elmi-praktik seminar öz işinə başlayıb. Məlumat üçün bildirək ki, bu elmi-praktik seminarın yüksək səviyyədə təşkili və keçirilməsi üçün BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq əmri ilə 18 nəfərdən ibarət İşçi qrupu yaradılıb.

     Beynəlxalq elmi-praktik seminarda Rus Humanitar Missiyasının rəhbəri Aleksey Polkovnikov, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının Baş katibi Natalya Brunova, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası Katibiyinin direktoru, pedaqoji elmlər namizədi Aleksandr Korotışev, Moskva Şəhər Universitetinin Xarici Dillər İnstitutunun professoru, pedaqoji elmlər doktoru Qalina Lyovina, Moskva Pedaqoji Dövlət Universitetinin Təhsildə fənlərarası filoloji layihələr laboratoriyasının müdiri, pedaqoji elmlər doktoru, dosent Olqa Drozdova və digər tanınmış və nüfuzlu alim-mütəxəssislər iştirak edirlər. Seminarda həmçinin Azərbaycanın ali məktəblərinin, orta məktəblərinin və liseylərin rus dili müəllimləri iştirak edirlər.

     Beynəlxalq elmi-praktik seminarı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları universitetin kollektivi adından salamlayıb və seminarın işinə uğurlar arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki, bu gün universitetdə çox aktual mövzuya həsr olunmuş beynəlxalq elmi-praktik seminar keçirilir. Rus dili böyük və zəngin dildir. Azərbaycanda rus dilinin tədrisinə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bu siyasətin əsası müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Rus dilinin tədrisinə, rus mədəniyyətinin inkişafına Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənb İlham Əliyev xüsusi diqqət yetirir. Rektor deyib ki, Azərbaycan bu ölkədə yaşayan bütün xalqların ümumi Vətənidir. Hazırda ölkəmizdə rus dilinin tədrisində böyük keyfiyyət dəyişiklikləri baş verir. Azərbaycanda rus yazıçılarının əsərləri böyük maraqla mütaliə edilir. 2000-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan BSU rus dilinin, ədəbiyyatının tədrisində, rus mədəniyyətinin təbliğində və geniş yayılmasında misilsiz xidmətlər göstərir. Azərbaycanda hazırda 338 rus dili məktəbi fəaliyyət göstərir. 27 universitetdə rus dili bölmələri var. 150 mindən çox adam rus dilində təhsil alır. Ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialı, S.Vurğun adına Azərbaycan Dövlət  Rus Dram Teatrı, Rus Kitab Evi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Rusdilli mətbuat Azərbaycanın milli mətbuat sahəsində xüsusi yer tutur. Rus dilinin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi dövrün çağırışlarından biridir. Rus dilinin tədrisində keyfiyyətcə yeni metodların tətbiqi olduqca vacibdir. Bizim bu gün keçirdiyimiz beynəlxalq elmi-praktik seminar fikir və təcrübə mübadiləsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, mütərəqqi qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

  

     Beynəlxalq elmi-praktik seminarın moderatoru, Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qeyd edib ki, bu gün BSU-nun həyatında əlamətdar bir gündür. Bu yaxınlarda Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının yeni prezidenti və İdarə Heyəti seçilib. BSU-nun rektoru, professor Nurlana Əliyeva Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü seçilib və Assosiasiya ilk tədbirini də BSU-da keçirir. Professor Rafiq Novruzov beynəlxalq elmi-praktik seminarın rus dilinin tədrisinin genişlənməsinə səmərəli təsir edəcəyini vurğulayıb.

     Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının Katibiyinin direktoru, pedaqoji elmlər namizədi Aleksandr Korotışev çıxış edərək seminarın keçirilməsinə yüksək səviyyədə dəstək verdiyinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

  

                              

     Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri İqor Yeronin, Rus Humanitar Missiyasının rəhbəri Aleksey Polkovnikov çıxış edərək beynəlxalq elmi-praktik seminarın keçirilməsini yüksək qiymətləndirib, BSU-nun rus dili sahəsində mütəxəssislərin hazırlanmasında mühüm rolu olduğunu qeyd ediblər. Onların çıxışlarında BSU-nun Azərbaycan və Rusiya arasında elmi-mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.

     Seminarda Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası tərəfindən BSU-nun Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov rus dilinin dünyada yayılmasındakı böyük xidmətlərinə görə A.S.Puşkin adına medalla və diplomla təltif edilib.

     BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin şagirdləri rus və Azərbaycan dillərində şeirlər səsləndiriblər.

     İki gün davam edəcək seminarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə rus dilinin hazırkı tədris vəziyyəti, bu məsələyə müasir və innovativ yanaşmalar və eləcə də digər vacib məqamlarla bağlı mühazirələr, dəyirmi masalar keçiriləcək. Seminarın sonunda sertifikatlar təqdim ediləcək. Seminar çərçivəsində rusiyalı qonaqların Bakının tarixi-mədəni yerlərinə gəzintilərinin təşkil edilməsi də nəzərdə tutulur.

 

Mətbuat xidməti