BSU-nun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

                                          

Oktyabrın 31-də Bakıda “British Council”in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Məzunların məşğulluğunun artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Ali məktəb məzunlarının məşğulluq imkanlarının artırılması sahəsində qazanılmış müsbət təcrübəni bölüşmək və fikir mübadiləsi aparmaq məqsədilə Birləşmiş Krallıq və Azərbaycandan olan mütəxəssislər və təhsil siyasəti qurucuları bir araya gələrək, iki dövlətin ali təhsil müəssisələri və biznes təşkilatları arasında strateji əməkdaşlıq və təcrübə mübadiləsi imkanları haqqında müzakirələr aparıblar.

Konfransın açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, ali təhsil müəssisələrinin, karyera və biznes qurumlarının təmsilçiləri, tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ölkəmizdə insan  kapitalının formalaşması, yüksəkixtisaslı mütəxəssis hazırlığı, ali məktəb məzunlarının iş və karyera inkişafı sahəsində görülmüş işlərdən söz açaraq bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən artıq gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alıblar.

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramı barəsəsində məlumat verərək, həmin layihənin ali təhsil müəssisələrinin məzunlarının işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onların yerli və qlobal səviyyədə daha rəqabətə davamlılığında xüsusi əhəmiyyətini vurğulayıb.

“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah isə çıxış edərək, əlavə edib ki, adıçəkilən proqram ali məktəb məzunlarının məşğulluğunu artırmaq, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq və ali təhsil müəssisələrinin fəaliyyətinin inkişaf etdirmək yollarını daha da təkmilləşdirmək məqsədi daşıyır.

Konfransın işində Bakı Slavyan Universitetinin (BSU)Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri dosent Yaşar Alxasov, Təcrübə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılov, Erasmus+PETRA layihəsinin təmsilçisi, İngilis filologiyası kafedrasının baş müəllimi Natəvan Babayeva iştirak ediblər. Məzunların əmək bazarında təmsil olunmaları, onlarla unuversitetin əlaqələrinin qurulması problemlərinə həsr olunmuş dəyirmi masada BSU-nun əməkdaşları xüsusi fəallıq göstəriblər.

Mətbuat  xidməti