Ukraynanın Azərbaycandakı səfiri BSU-da qonaq olub

                       

Sentyabrın 24-də Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Bakı Slavyan Universitetində (BSU) qonaq olub.

Səfiri qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanla Ukrayna arasında münasibətlərin qədim tarixə malik olduğunu, xalqlarımız arasındakı çoxəsrlik  yaxın dostluq ənənəsinin bu gün də davam etdiyini, mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib. Rektor BSU-da Beynəlxalq münasibətlər və regionşünaslıq, o cümlədən  Tərcümə fakültəsində Ukrayna ədəbiyyatı, dili, mədəniyyəti və etnoqrafiyası və s. öyrənilməsini bu münasibətlərin göstəricisi adlandırıb. Humanitar sahədə qurulan əməkdaşlıqda BSU-nun əhəmiyyətindən danışan rektor bildirib ki,  universitetdə 2001-ci ildə yaradılmış Ukrayna Tədris - Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verməkdədir. Rektor qeyd edib ki, hazırda universitetdə Ukrayna dilini və ədəbiyyatını öyrənən tələbələrin bu dili mükəmməl öyrənmələri üçün Ukraynanın tanınmış universitetlərindən mütəxəssis müəllimlər dəvət olunur. Rektor həmin ənənələrin dərinləşdirilməsi üçün bu gün daha geniş imkanlar olduğunu bildirib.

Səfir Vladislav Kanevski  BSU-da Ukrayna dilinə və mədəniyyətinə göstərilən diqqəti yüksək qiymətləndirib. Diplomat humanitar sahədə həyata keçirilən layihələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Səfir regional əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm hissəsi olduğunu bildirib. Mədəni, humanitar sahədə əlaqələrin əmiyyətindən söz açan  V.Kanevski əminliklə ifadə edib ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Bakı Slavyan Universitetinin Ukrayna-Azərbaycan arasındakı humanitar rolunun artmasında səylərini əsirgəməyəcək.

Görüş çərçivəsində mədəni, humanitar əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra səfir Vladislav Kanevski BSU-da fəaliyyət gösətərn Ukrayna Tədris - Mədəniyyət Mərkəzi ilə yaxından tanış olub, mərkəzin “Fəxri qonaqlar kitabı”na öz ürək sözlərini yazıb.

BSU-nun Mətbuat Xidməti