BSU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirilib

  

Bakı Slavyan Universitetində (BSU) 18 Oktyabr-Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” adlı tədbir keçirilib. Qeyd edək ki, tədbir Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika və Azərbaycan filologiyası fakültələrinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə əvvəlcə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizimin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova 18 Oktyabr-Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününün xalqımızın tarixində xüsusi bir gün olduğunu bildirib və tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov, həmin kafedranın dosenti Şəhla Nuruzadə və Mətbuat katibi Mənsur İbrahimov çıxış edərək bildiriblər ki, Azərbaycan 28 ildir ki, müstəqil dövlətdir. Bu müddət ərzində ölkəmiz böyük və zəngin inkişaf yolu keçib. Qeyd edilib ki, 1991-1993-cü illərdə Azərbaycanın dövlət müstəqilliyi böyük təhlükə qarşısında idi. Ölkədəki hərc-mərclik, özbaşınalıq, daxili çəkişmələr, separatçılıq meyilləri, Azərbaycana təcrübəsiz şəxslərin rəhbərlik etməsi kövrək dövlət müstəqilliyimizə böyük təhlükələr yaradırdı. Yalnız 1993-cü ilin iyun ayında xalqımızın vətənpərvər oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi bütün bu dağıdıcı ictimai- siyasi proseslərin qarşısına keçilməz sədd çəkdi. Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, gücləndirdi və onu dünya birliyinin layiqli üzvü etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasını müasir dövrün tələblərinə və yeni beynəlxalq çağırışlara uyğun şəkildə uğurla davam etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin hərtərəfli inkişafına və dövlətimizin daha da güclənməsinə öz qiymətli töhfələrini verir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, daimidir!”

Sonra Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

BSU-nun Mətbuat Xidməti