BSU-nun əməkdaşı beynəlxalq jurnalın redaktoru seçilib

                                                                                   

 

Bu yaxınlarda Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Yunus Əmrə İnstitundan  Bakı Slavyan Universitetinə xoş bir xəbər gəlib. BSU-nun Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Qasımova Ziyafət  adıçəkilən institutun türk respublikaları üçün təsis etdiyi ortaq “Türk Dünyası Jurnalı”nın Azərbaycan bölməsinin redaktoru təyin olunub. Jurnalın məqsədi türk xalqları arasında körpü yaratmaq, onların inteqrasiyasına nail olmaq, ortaq türk dilinə doğru yolda maneələri aradan qaldırmaqdır.

Məsələ ilə bağlı Ziyafət Qasımova ilə  görüşüb müsahibə aldıq.

- Ziyafət xanım, necə olduki, jurnalın Azərbaycan bölməsinin redaktoru seçildiniz?

Bu günlərdə Yunus Əmrə İnstitutunun Bakıdakı şöbəsindən Büşra xanım mənə zəng edərək Yunus Əmrə İnstitutunun Ankarada yeni bir jurnal təsis etdiyini və onun Azərbaycan bölməsinə redaktorluq vəzifəsinin mənə həvalə edildiyini bildirdi. Adımın kim tərəfindən təklif edildiyini öyrənmək istədikdə təklifin Yunus Əmrə İnstitutunun mərkəzindən - Ankardan gəldiyini bildirildi. Buna çox sevindim. Dedikləri şəxsləri tanımırdım. Mən bu təklifi çalışdığım Bakı Slavyan Universitetinin rəhbərliyinin Türk dünyası, Azərbaycan-Türkiyə münasibətləri sahəsində gördüyü uğurlu fıəaliyyətin nəticəsi hesab edirəm. Bizim universitet slavyanşünaslıq yönümlü bir universitet olsa da, rəhbərlik Türkiyə-Azərbaycan münasibətləri istiqamətində Bakı Slavyan Universiteti ilə Türkiyə universitetləri arasında əməkdaşlığa, Türkiyənin Bakıdakı səfirliyi, qurumları ilə əlaqələrinin möhkəmlənməsinə xüsusi diqqət yetirir. Bundan əlavə, Türkiyənin bayramları hər il mərkəzimiz tərərfindən təntənəli şəkildə qeyd olunur.

            - Jurnal hansı mövzuları əhatə edəcək?

- “Türk Dünyası Jurnalı”  ildə iki dəfə oxucularla görüşəcək.  Artıq jurnalın ilk nömrəsi (iyul-dekabr) 10 fərqli çağdaş türk dilində (Azərbaycan, Başqırd, Qazax, Qırğızıstan, Krım, Özbək, Tatar, Türk, Türkmən, Uyğur) nəşr olunub. Burada “Dədə Qorqud” dastanından “Müqəddimə”,  “Buğac Xan”, türk dünyası üçün əhəmiyyətli  olan “Altaylar”, hər ölkənin mədəniyyətində ortaq bir mətbəxin nümunəsi olan “Yarpaq xəngəli”, “Düşbərə” mövzularına yer verilmişdir. Yəni bu mövzular daha əvvəl sadalanan türk dillərinə tərcümə edilmişdir. Jurnal 132  səhifədən ibarətdir.

-  Jurnalın növbəti sayında hansı mövzuların yer alacağı məlumdurmu?

- Bəli məlumdur. Yunus Əmrənin şeir və hekayələrindən nümunələr 10 türk yazı dilinə çevriləcək və əlifba sırası ilə bir türk yazı dilinin mətnləri digər türk yazı dillərinə tərcümə ediləcəkdir.

- Redaksiya  heyətində yer alan mütəxəssislərdən tanıdıqlarınız varmı?

- Bəli, var. Bunu jurnal nəşr olunduqdan sonra gördüm. Türkiyədə Anakara Universitetində təhsil aldığım zaman türkmən dili müəllimim dos. Berdi Sarıyevin adıyla adımı yanaşı görmək məni çox sevindirdi. Bundan başqa, universitetimizin sıx əməkdaşlıq etdiyi Qazi Universitetinin çox dəyərli müəllimləri prof. Naciyə Yıldız və prof. Zuhal Yüksəlin adı ilə burada qarşılaşmaq sevincimə sevinc qatdı.

-  Jurnalın hədəfi nədir?

- Jurnalın nəşr olunmasında məqsəd Türk Dünyası coğrafiyasında ortaq bir oxucu kütləsi yaratmaq, türk tayfalarının mədəni dəyərlərini bir-birlərinə tanıtmaqdır.

Onu da nəzərinizə çatdırım ki, Türkiyədə belə bir jurnal ilk dəfədir çap olunur.

- Azərbaycanlı oxucular jurnalı necə izləyəcək?

-Yunus Əmrə İnstitutunun nəşr etdiyi  “Türk Dünyası” jurnalı hər kəsə açıq  elektron jurnaldır. Pdf  şəklində hər kəs yükləyib istifadə edə bilər.

- Jurnalın çoxdan söhbəti gedən ortaq türk dili yaradılması istiqamətində fəaliyəti olacaqmı?

-Hələ ki bu mövzuda bir açıqlama olmayıb. Daha əvvəl də bildiyimiz kimi məqsəd keçmişdən gələn ortaq mədəni dəyərlərimizi 10 türk yazı dilində oxuculara çatdırmaqdır.

-  Bizim alimlər jurnala məqalə vermək istəsələr şərtlər necə olacaq?

- Jurnalın mövzuları Yunus Əmrə İnstitutu tərəfindən müəyyən edilir, hazırlanır və tərcümə olunaraq hər bir türk yazı dilinin mütəxəssisi tərəfindən redaktə edilir.

- Jurnal ilə bağlı arzunuz?

 - Belə bir jurnalın ortaya çıxmasına başçılıq edən Yunus Əmrə İnstitutunun rəhbəri prof. Şərəf Atəşə, redaktor  prof.Yavuz Kartallıoğlu, redaktor müavini Hasan Nalbanta, elmi məsləhətçi prof. Naciyə Yıldıza  sonsuz təşəkkür edirəm. Bundan başqa, hər türk yazı dilinin redaktorlarına xeyirli olsun deyirəm.