BSU-da sənəd qəbulu prosesi bu il daha da təkmilləşdirilib

                                                            

2019/2020-ci tədris ilində Bakı Slavyan Universitetinin (BSU) bakalavriat pilləsinin I kursuna qəbul оlunmuş abituriyentlərin sənəd qəbulu prosesi sona yaxınlaşır.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu üzrə komissiya avqustun 15-dən (şənbə və bazar günləri istisna olmaqla) fəaliyyət göstərir. Sənəd qəbulu 6 fakültə və 24 ixtisas üzrə aparılır. Komissiyanın sədri, dosent Nəsib Cəbrayılov BSU-nu seçən abituriyentlərin əksəriyyətinin qeydiyyatdan keçdiyini və onlarla müqavilə imzalandığını bildirib. BSU-nu seçənlərin sayının ildən-ilə artdığını deyən N.Cəbrayılov bunu ixtisasların günün tələbinə uyğun olması ilə əlaqələndirib. O, Şərqi Avropa ilə Azərbaycan Respublikasının əlaqələrinin genişlənməsinin bu məsələdə müstəsna rol oynadığını qeyd edib.

BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov bununla bağlı deyib: “Müstəqil respublikamızın nüfuzunun ildən-ilə yüksəlməsi, slavyan ölkələri ilə birbaşa əlaqələrin qurulması, mədəni-iqtisadi sahədə münasibətlərin daha da dərinləşməsi bizdən mütəxəssis hazırlığına diqqəti artırmağı tələb edir. Sovet dönəmində xarici əlaqələr Moskvadan idarə olunduğundan yerli kadrlara ehtiyac qalmırdı. Bu gün isə respublikamız müstəqildir, xarici ölkələrlə Azərbaycan birbaşa əlaqələr qurur, bütün sahələrdə öz mütəxəssislərimiz çalışır. Təbii ki, BSU-nun tarixi təcrübəsi, professor-müəllim heyəti kadr hazırlığı işini yüksək səviyyədə həyata keçirməyə imkan verir. Onlarla tələbəmiz müxtəlif ölkələrin səfirliklərində çalışır”.

Bu il universitetdə bütün ixtisaslar üzrə yerlərin tutulduğunu bildirən R.Novruzov plan üzrə 1110 yer verildiyini və həmin yerlərin artıq 90 faizinə sənəd qəbulunun başa çatdığını qeyd edib. Bildirib ki, sənəd qəbulu prosesi bu il daha da təkmilləşdirilib, əvvəlki illərdən fərqli olaraq tələbələrə müqavilələr dərhal verilir. Əvvəllər müqavilələr sentyabr, bəzən oktyabr aylarında verildiyindən müəyyən çaşqınlıq yaranırdı. Tələbə özünün və universitetin üzərinə düşən öhdəliklərdən xəbərsiz olurdu. İndi isə tələbələr bütün məsələlər barədə qabaqcadan rəsmi şəkildə məlumat alırlar.

Qəbul prosesinin birinci mərhələsi avqustun 27-dək davam edəcək və həmin dövrədək əsas qəbulda iştirak edən gənclər qeydiyyatdan keçəcəklər. Bu günədək tələbələrin təxminən 93 faizi sənədlərini təqdim edib və əksəriyyəti ilə müqavilə bağlanılıb.

Xatırladaq ki, sənəd qəbulu prosesində komissiya üzvləri ilə yanaşı, beş könüllü tələbə də çalışır.