ADPU-da BSU tələbələri ilə görüş keçirilib

            

    Mayın 7-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Praktiki psixologiyanın aktual problemləri" mövzusunda keçirilən seminarda iştirak edib.

       Seminarın əvvəlində çıxış edən ADPU-nun Məktəbəqədər təlim, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekan müavini, dosent Allahyar İmanov bildirib ki, seminar  digər universitetlərin oxşar mərkəzləri ilə əlaqələrın qurulması, genişləndirlməsi  və əməkdaşlıq edilməsi məqsədilə keçirilir.

      ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, həmin kafedranın professoru Elmar Hüseyn çıxışlarında praktiki psixologiya metodlarına və texnikasına marağın artmasından, müasir tendensiyaların, Azərbaycanda psixoterapiya, psixoloji korreksiya, psixoloji treninq, psixoloji məsləhət  sahələrinin inkişafından söz açıblar.

     Seminarın davamında tələbələr mövzu ətrafında müzakirələr aparıblar. BSU-nun təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi Aydın Ağayev  şəxsiyyətin psixodiaqnostikası, davranışın korreksiyası, şəxsiyyətin emosional sahəsinə innovativ metodların tətbiqinə dair məruzə ilə çıxış edib. 

    ADPU-nun Psixoloji Klubunun sədri Nicat Şıxəlizadə,  klubun fəal üzvü Rəhim Rahimli çıxışlarında klubun fəaliyyəti, inkişaf perspektivləri,  habelə şəxsiyyətin özünügerçəkləşdirmə  və özünüifadəetmə  probleminə yönəldilmiş fəaliyyətindən  danışıblar.

     Seminarın sonunda BSU-nun Pedaqogika və psixologiya kafedrasının dosenti, Sosial-psixoloji xidmət mərkəzinin rəhbəri Gülnarə Həsənova görüş təşkilatçılarına təşəkkürünü bildirib, hər iki universitetin tələbələri arasında əməkdaşlığın gələcəkdə də davam edəcəyini əminliklə vurğulayıb. 

BSU-nun Mətbuat Xidməti