BSU-nun rektoru MAPRYAL-ın Rəyasət Heyətinin üzvü seçilib

     Məlum olduğu kimi, bu il 29 aprel – 3 may tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Rus Dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosi­yasiyasının (MAPRYAL) XIV Konqresi və Baş Assambleyası keçirilib. Konqresdə Bakı Slavyan Univer­sitetini (BSU) tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru Rəhilə Quliyeva təmsil ediblər.

   49 ölkənin təmsil olunduğu mötəbər tədbirin açılışında Qazaxıstan Respublikası və Rusiya Federasiyasının rəsmiləri iştirak edib, hər iki ölkənin dövlət və hökümət başçılarının təbrik məktubları oxunub.

    “Çoxdilli dünyada rus sözü” adı altında keçirilən XIV Konqres 14 elmi-metodiki istiqamət (bölmə) və 6 dairəvi masada 500-dən çox məruzə, çıxış və təqdimatı əhatə edib. Rus dili və ədəbiyyatının tədqiqi, tədrisi, dünyada rus dilli təhsilin vəziyyəti və perspektivləri, problemləri, internet resurslar, distant təhsil kimi ənənəvi elmi-nəzəri və elmi-praktiki istiqamətlərlə yanaşı, müasir çoxdillilik və çoxmədəniyyətlilik şəraitində bilinqval və polilinqval təhsil modellərinin tətbiqi, təcrübəsi, sosial-pedaqoji, psixoloji və linqvodidaktik əsasları, milli zəmində gənc nəslə multikultural dəyərlərin aşılanması və s. kulturoloji məsələlər müzakirə olunub.

  Mayın 2-də BSU nümayəndələri professorlar T.Cəfərov və R.Novruzov MAPRYAL-ın prezidenti, akademik Lyudmila Verbitskayanın hesabatının dinlənildiyi, yeni prezidentin, vitse-prezidentlərin, növbəti – XV Konqresə ev sahibliyi edəcək şəhərin, Rəyasət Heyəti üzvlərinin müəyyən edildiyi Baş Assambleyada həlledici səslə iştirak ediblər. Rusiya prezidentinin rus dilinin inkişafı üzrə məsləhətçisi, L. N. Tolstoyun nəticəsi P.İ.Tolstoy MAPRYAL-ın yeni prezidenti seçilib.

   Assosiyasiya prezidentinin hesabat məruzəsində və BSU nümayəndələrinin çıxışlarında Azərbaycanda  keçirilən tədbirlər, xüsusilə də Bakı Slavyan Universiteti və MAPRYAL-ın təşkil etdiyi birgə elmi konfranslar, seminarlar, ixtisasartırma tədbirləri yüksək qiymətləndirilib.

   Son üç ildə davamlı olaraq respublikada rus dilinin tədrisinə, rusdilli təhsilə, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına və qorunmasına verdiyi töhfələr  nəzərə alınaraq BSU rektoru, professor Nurlana Əliyeva MAPRYAL prezidenti, milli assosiyasiyaların rəhbərləri, tanınmış elm və təhsil xadimləri tərəfindən MAPRYAL Rəyasət Heyətinə üzvlüyə namizəd irəli sürmüş və səs çoxluğu ilə qəbul edilmişdir. Gizli səsvermə nəticəsində XV konqresin Sankt-Peterburqda keçirilməsi qərara alınıb.                                           

                                                                    BSU-nun Mətbuat Xidməti