BSU-da “Ərəb baharından öncə və sonra Liviyada siyasi vəziyyət” mövzusunda elmi seminar keçirilib

                       

    Aprelin 11-də Bakı Slavyan Universitetində (BSU) Diplomatiya və xarici siyasət kafedrasının, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə “Ərəb baharından öncə və sonra Liviyada siyasi vəziyyət” mövzusunda elmi seminar keçirilib.
     Seminarın əvvəlində çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov Diplomatiya və xarici siyasət kafedrası tərəfindən tarixi, siyasi mövzuda keçirilən tədbirləri yüksək qiymətləndirib. Seminarın mövzusunun gündəmin aktual məsələlərindən birinə həsr olunduğunu deyən Rafiq Novruzov gələcək diplomatları mövzu ətrafında müzakirələrdə fəal olmağa dəvət edib.
    Sonra söz alan məruzəçi Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Pərvin Sadıqova “Ərəb baharından öncə və sonra Liviyada siyasi vəziyyət” mövzusunda ətraflı çıxış edib. P.Sadıqova Liviyanın tarixi, yerləşdiyi ərazi, XX əsrin əvvəllərində bu ölkənin siyasi mənzərəsi, o cümlədən Müəmmər Qəddafinin daxili və xarici siyasəti barədə iştirakçılara maraqlı məlumatlar verib. Məruzəçi çıxışında Qəddafinin “Yaşıl Kitab”ındakı başlıca prinsiplər, Marksizm və kapitalizmə münasibət, İslam sosializm qanunları haqqında fikirlər səsləndirib. P.Sadıqova “Ərəb baharı”nın demokratikləşmə prosesinə təsirindən, XXI əsrdə Tunisdəki kütləvi ixtişaşlardan da söz açıb.
    Sonra Diplomatiya və xarici siyasət kafedrasının müdiri Əsgər Əhməd, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı Şirinbəy Əliyev və digər iştirakçılar ərəb dövlətlərindəki avtoritar və diktatura rejimlərinə qarşı demokratikləşmə dalğası olan “Ərəb baharı” ətrafında müzakirə aparıblar. Diskussiyada tələbələri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti