Ədəbiyyat tarixinin bahar nəsimi

 

                                     

        "Azərbaycan" qəzetinin 29.03.2019-cu il tarixli  66(8089)-cı sayında Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimi ilə bağlı "Ədəbiyyat tarixinin bahar nəsimi" adlı  məqaləsi dərc olunmuşdur.  Məqaləni olduğu kimi təqdim edirik.   

 

Ədəbiyyat tarixinin bahar nəsimi

      Bu il Azərbaycanda "Nəsimi ili”dir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə imzaladığı müvafiq fərmanla xalqımızın, dövlətimizin bu böyük şairinin irsinə ehtiramını ifadə edib. Bu tarixi qərarda cəmiyyətimizin Nəsimi şəxsiyyətinə münasibəti ifadə olunub. Onun düşüncə mirasına intəhasız sevgi öz əksini tapıb.

     Ondan əvvəl və ondan sonra yaşayıb-yaratmış bütün fikir adamlarımız kimi, Nəsiminin də Azərbaycan xalqına və ümumən bəşəriyyətə mənəvi əmanətləri çoxdur. Bu gün danışdığımız saf, inci kimi cilalı, şirin ana dilimiz onun əmanətlərindəndir. Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sadiqliyi, yüksək humanizmi, tolerantlıq ənənələri, istiqlal ideyalarına bağlılığı, milli dövlətçiliyimizə sadiqliyi Nəsimi kimi dühalarımızın nurundan irəli gəlir. 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan olunması adi bir hadisə deyil. İctimai fikir tariximizdə müəyyən rolu olmuş hansısa şəxsiyyətin sadəcə yubileyinin keçirilməsi üçün atılan addım da deyil. Bu, daha çox Nəsimi ideyalarının aktuallaşdırılmasıdır. Belə mütəfəkkirləri yetirmiş Azərbaycan xalqının nə qədər böyük xalq olduğunun dünyaya nümayiş etdirilməsidir. Belə bir yanaşma ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində gördüyü işlərin daha uğurla davamıdır. Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə o zaman ulu öndər sərhədləri dünyaya qapalı kiçik bir ölkənin şairinin yubileyinin UNESCO xətti ilə beynəlxalq miqyasda keçirilməsinə nail olmuşdu. Bakıda şairin möhtəşəm abidəsi ucaldılmış, adı paytaxtın inzibati rayonlarından birinə verilmişdi. Heydər Əliyevin dəstəyi ilə çəkilən "Nəsimi” filmi yaxın-uzaq ölkələrə səs salmışdı.

      İstiqlal tariximizə, Azərbaycanda aparılan dövlət quruculuğu proseslərinə nəzər salsaq, Nəsimi ideyalarının müstəqil dövlətimizin ideoloji-hüquqi əsaslarında nə qədər böyük rol oynadığının şahidi olarıq.

 Məhəbbət və gözəllik nəğməkarı

      İmadəddin Nəsimi ədəbiyyat tariximizdə anadilli fəlsəfi fikrin əsasını qoyan, insana xidmət edən, məhəbbət və gözəllik nəğməkarıdır. Onun ağıl-hikmət örnəyi olan şeirləri dünyaya və həyata yeni bədii münasibətin ifadəsidir. Bu şeirləri insan və onun mənəvi əzəməti haqqında səsləndirilən himnlər də saymaq olar.

     İmadəddin Nəsimi 1369-cu ildə qədim mədəniyyət mərkəzlərimizdən olan Şamaxıda dünyaya gəlmişdir. Orta əsrlərə aid bəzi qaynaqlarda Nəsiminin Bağdadın Nəsim adında yerində, Türkiyənin Bursa şəhərində, yaxud Təbrizdə anadan olması ilə bağlı müəyyən qeydlər var. XVI əsrdə yaşamış Lətifi təxəllüslü təzkirəçi şairin Julidəmu (saçları dağınıq) ləqəbi ilə tanınan bir qardaşının olduğunu, onun Şah Xəndan adı ilə tanındığını yazır. Böyük ehtimalla o, Şamaxıda yaşamış və hazırda bu şəhərdəki məşhur "Şaxadan” qəbiristanlığı da məhz onun adı ilə adlanmışdır. Yada salaq ki, görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvani ölərkən məhz bu qəbiristanlıqda dəfn olunmasını vəsiyyət etmişdi:

 Mən öləndə Şaxadanda basdırın,

Çünki onun şahidi-Xəndanı var.

       Nəsimi uşaqlıqdan aşıq-ozan sənətinə böyük sevgi göstərmiş, ustad alim və loğmanlardan dərs alaraq elmlərə vaqif olmuşdur. Erkən gəncliyindən başlayaraq "Seyid”, "Hüseyn” və "Nəsimi” təxəllüsləri ilə bir-birindən gözəl şeirlər qoşmuşdur. İlk mərhələdə müxtəlif təxəllüslərlə yazmasına baxmayaraq, yaradıcılığının sonrakı mərhələlərində ustadı Fəzlullah Nəiminin təxəllüsü ilə həmahəng səslənən Nəsimi təxəllüsünə daha çox sadiq qalmışdır. Bunu özünəməxsus tərzdə şeirin qüdrəti ilə belə ifadə edirdi:

Adımı həqdən Nəsimi yazaram,

Bil bu mənidən ki, siməm, ya zərəm?

     Bir qəzəlində isə şair künyəsinin - yəni ya övladının, ya da ona mənən övlad sayılan bir oğlanın adı ilə Əbülfəzl (Fəzlin atası) olduğunu göstərir.

 Çün Nəsiminin Əbülfəzl oldu haqdan künyəsi,

Cümlə əsmanın hürufi ayini-əlqabındadır.

      O, özünün də şeirlərində qeyd etdiyi kimi, laməkan şair idi. Həyatı boyu bir sıra ölkələri gəzib-dolaşaraq öz hürufi ideyalarını yaymağa çalışırdı. Ayrı-ayrı şeirlərindəki yer adlarına istinadən şairin müxtəlif vaxtlarda Rumda, Bursada, Qaramanda, Bağdadda, Maraşda, Şam, Misir, Hələb, Şamaxı şəhərlərində yaşadığını güman etmək olar.

 "Gərçi bu gün Nəsimiyəm...”

       Öz məsləki və əqidəsi uğrunda qanı və canı ilə mübarizə aparan Nəsiminin səsi-sorağı Şərqin müxtəlif şəhərlərindən gəlirdi. Şair bu ölkələrdə çox yaşaya bilmirdi. Çünki davamlı təqiblərlə üzləşirdi. Onu Azərbaycanda sıxışdırırdılar. O dövrdə Azərbaycanda vəziyyət çox qarışıq idi. Hələ Nəsiminin gənclik illərində Əmir Teymur İrana və Qafqaza hücuma keçmişdi. Şirvan hakimi Şeyx İbrahim Teymurdan xilas olmaqdan ötrü onunla sülh bağlayaraq Şirvan dövlətinin müstəqilliyinə nail ola bilmişdi. Amma çox keçmədi ki, Qızıl Orda xanı Toxtamış xan Azərbaycana soxulmuş, o, geri çəkilən kimi Teymur yenidən Azərbaycanı istila etmişdi. Onda Naxçıvan yaxınlığındakı Əlincə qalası Teymur ordusunun mühasirəsində idi. Qala fasilələrlə 14 il mühasirədə saxlanmışdı. Ordu Azərbaycanın qədim şəhərlərindən olan Qəbələni də viran qoymuşdu. Teymur Azərbaycanda hakimiyyəti oğlu Miranşaha tapşırmışdı. Bu dövrdə Azərbaycan xalqı Teymurilərə qarşı fəal müqavimət göstərirdi. Bu baxımdan dini-siyasi müqavimət hərəkatı olan hürufiliyin yayılması üçün bu torpaqlarda şərait vardı. Bu hərəkatın banisi və lideri Fəzlullah Nəimi idi. O öz ideyalarını yaymaqdan ötrü bir çox Şərq ölkələrini gəzib-dolaşırdı.

     Nəsiminin yaşadığı dövrdə Azərbaycan ərazisində Teymurilərə qarşı xalq üsyanlarının ardı-arası kəsilmirdi. Belə ağır bir dövrdə - 1394-cü ildə Nəsimi Bakıda Fəzlullah Nəimi ilə görüşür. Onun hürufilik təriqətini qəbul edir. Elə o zamandan da hürufilik ruhunda şeirlər yazaraq hər yerdə yaymağa çalışır. Siyasi-fəlsəfi ruhlu şeirlərində hürufi fikirlərini qələmə alaraq cəsarətli, qabaqcıl ideyalar təbliğ edir, ömrünü yollarda, səfərlərdə keçirir, əzab və işgəncələrlə dolu həyat sürür.

İnsana yeni münasibət

     1394-cü ildə Miranşah Şeyx İbrahimin fitnəsi ilə Nəimini tutub Əlincə qalasının yaxınlığında amansızlıqla edam etdirir. Ustadın qətli bütün hürufiləri, o cümlədən Nəsimini çox sarsıdır. Nəiminin müridləri də böyük təqiblərlə qarşılaşırlar. Nəsimi Azərbaycanı tərk edərək Anadoluya sığınır. Bir müddət burada yaşayır. Bursada Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasının türkcəyə tərcüməçisi şair Şeyxi ilə görüşüb yaxınlaşır. Bektaşilik təriqətinin başçısı Hacı Vəli Bektaşi az bir zamanda Anadoluda sevilib səsi-sorağı dillərə düşən Nəsiminin nüfuzundan çəkinib onu qəbul etməkdən ehtiyatlanır. Ancaq ziyalılar Nəsimi şeirindən, onun işıqlı sözlərindən ilham alırlar. Bursada Nəsiminin pərəstişkarları gündən-günə artır. I Sultan Muradın zamanında Bursa və Anadoluda hürufilər ciddi şəkildə cəzalandırılırdılar. Ona görə də Nəsimi bu ərazilərdə çox qala bilmir. O, təqiblərdən yaxa qurtarmaq üçün ömrünün son illərində Hələb şəhərinə gəlir və 1417-ci ildə burada edam edilir.

    Şəhər hakimlərinin bu zülmkar qərarına səbəb Nəsimi sözünün qüdrəti, insanların qəlbinə asanlıqla yol tapması idi. Nəsimi burada ustadı Nəimidən də böyük səs salmışdı. Onun təriqət yolunu davam etdirənlərin sayı çoxalmışdı. Demək olar ki, heç kimin etmədiyini o etmişdi. Nəsimi olmasaydı, hürufilik sönüb bitərdi. Onun şeirləri xalq arasında xüsusi hava, gözəl bir ahənglə oxunurdu. Nəsiminin şeirləri gözəl bədii üslubu ilə dinləyicilərin qəlbini ovsunlayırdı.

    Nəsimidən danışan o dövrün bütün müəllifləri onu eşq fədaisi, igid, qorxmaz, mübariz bir şair-mütəfəkkir kimi səciyyələndirirlər. Onun sufi-hürufi məclislərində xüsusi hava ilə oxunan şeirləri öz ahəngdarlığı, bədii-poetik və şəkli xüsusiyyətlərinə görə aşıq şeiri formalarını xatırladır. Amma ilahi və nəfəsləri xalq şeiri şəkillərindən seçilir. Onlar bədii-fəlsəfi qayəsi və məzmununa görə bir-birindən fərqlənir.

   Azərbaycan poeziyası tarixində İmadəddin Nəsimi siyasi-fəlsəfi şeirin ilk böyük nümayəndəsi sayılır. Onun əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir. Fikir, mühakimə hissə, duyğuya üstün gəlir. Şair insana yeni münasibət bəsləyir. Cəmiyyətdə ictimai ədalət və həqiqət axtarır. İnsanı öz ağlı və kamalı ilə uca məqamda görmək istəyir. Nəsiminin bütün şeirləri insan və onun gözəlliyi, səadəti haqqında yazılmış nəğmələrdir. Öz yaradıcılığını xalqın taleyi və azadlıq arzuları ilə bağladığına görə onun şeirləri yeni ruhu və nəfəsi ilə bənzərsizdir.

 Zərrədə günəş

    Nəsimi yaradıcılığının ilk çağlarından sufilik görüşlərini şeirə gətirmişdi. Sifizm təriqətində əksini tapan bir sıra əqli-mənəvi və fəlsəfi düşüncələr onun diqqətini cəlb edirdi. Nəsimidən çox-çox əvvəllər və onun yaşadığı dövrdə sufizm geniş ərazidə yayılmışdı. Feodal ideologiyasına qarşı duran bir inam və etiqad fəlsəfəsi kimi ayrı-ayrı zümrələri əhatə etmişdi. Mənəvi saflıq, səfa və tək varlıq mənası daşıyan sufi istilahları və başqa terminlər geniş yayılırdı.

    Sufi-panteist şeirlərində Nəsimi ali bir eşqi tərənnüm edərək İnsan-Allah anlayışlarını irəli sürür, zərrədə günəş axtararaq varlığın bir vücudun vəhdətindən yarandığını söyləyir. Şairin lirik qəhrəmanı da mütəfəkkir və arif aşiqdir. Yüksək bir eşq onu kamala çatdırır. Həyat yoluna işıq saçaraq öz yaradıcısı ilə qovuşdurur. Bu aşiq özünü bütün qüsurlardan, keçici meyillərdən təmizlədiyinə görə ruhən və mənən əlçatmaz zirvələrə yüksəlir, nəhayət, həyat faciəsi və kədərindən qurtulur. Nəsimiyə görə, belə insanın məşhir sufi alimi Həllac Mənsur kimi (X əsr) "ənəlhəq” (mən haqqam) deməyə tam haqqı var. Həyatda ən böyük həqiqət də, yaradıcı da, əsrarəngiz sirlər mənbəyi də elə insandır. Buna görə də şair bu qadir insanı öz olum və ölüm yolunu eşq günəşi ilə işıqlandırmağa səsləyir. Məhəbbəti vasitəsilə həqiqəti tapacağına inanır.

    Nəsimi şeirində aşiq haqqı tapmış bir insandır. Dərin düşüncələrdən sonra o, haqqı, ideyanı kənarda deyil, özündə axtarıb tapır. Haqqın göylərdə deyil, özündə olduğunu dərk edir. Bunun üçün də öz varlığında Yaradanla insanın birləşdiyi qənaətinə gəlir:

 Utanır arifin əqli, sənə insan demək neyçin

Ki, insandır deməz kimsə sənə ya Xaliqük-insan.

     Şairə görə, həqqi ancaq kamil və yetkin insan görə bilər. Belə insanlar sevilməyə, alqışa layiqdirlər. Kamil insan öz ağlı və eşqi ilə insanların gözlərini açmağa, onların gözləri qarşısındakı zülm pərdəsini qaldırmağa, həyata günəş kimi işıq saçmağa qadirdir.

Səslər, sözlər, hərflər

      Nəsimi dövründə hürufilik bir məslək, əqidə, dünyagörüşü kimi geniş yayılmışdı. Onun əsasında insana yeni bir münasibət, yeni insan anlayışı dururdu. Öz kökü etibarilə xalqa bağlı olan bu təriqət onun ruhunu, ictimai-siyasi görüşlərini, həyata münasibətini əks etdirirdi.

     Qeyd etdiyimiz kimi, hürufiliyin yaradıcısı Nəimi, beşiyi isə Azərbaycan idi. Bu hərəkat Təbrizdən başlayaraq bütün Yaxın və Orta Şərq ölkələrini bürümüşdü. Nəsimi hürufiliyi Nəimidən qəbul edəndən sonra onun dünyagörüşündə yeni bir oyanış baş qaldırmışdı. Buna görə də şeirləri yeni mübariz ruh, ictimai-siyasi məzmun kəsb edirdi. Şairin lirik qəhrəmanı artıq əvvəlki aşiq deyil. Onu ictimai düşüncə və ideallar məşğul edir. O, əqli-mənəvi saflıqla məhdudlaşmayaraq öz həyat fəlsəfəsi uğrunda çarpışıb-vuruşur. Nəsimidə hürufi panteizmi sufi panteizmindən fərqlənərək Allahın özünü belə insanın simasında axtarır. Lirik qəhrəman siyasi-ictimai ideallara meyil göstərir. Din və irfana tamam yeni bir baxış əks etdirir.

      Yada salaq ki, sufizm və hürufilik bir-birinə hər nə qədər yaxın olsa da, onların arasında tam bərabərlik qoymaq olmaz. Sufilikdə məhəbbətə, hürufilikdə isə ağla üstünlük verilirdi. Hürufilərə görə, ağıl ilə kainatı, təbiəti və insanı dərk etmək mümkündür. Ağlın əsasında da səs, söz və hərflər durur. Nəsimidə hərflər və rəqəmlərin bu mənada öz aləmi var. İnsan öz idrakının gücü ilə "Mən haqqam” məqamına yüksələ bilər. Bu baxımdan Nəsiminin:

 Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü-məkana sığmazam , -beyti ilə başlanan şeiri çox ibrətamizdir.

    Nəsimi maddi və mənəvi cahanları öz varlığında birləşdirən insanın bu cahana sığmamasını iki dünyanın bir dünyaya sığmaması və insanın məkansız gövhər olması ilə əsaslandırır. Bu dünyaya sığmayan insanın cismi, bədəni deyil, ağıl və idrakıdır. İnsan cismən yox, mənən və ruhən öz dünyasına sığmır. Beləcə, daha yüksəklərə ucalır. Bütün canlılardan fərqli olaraq insan xəyalı kainatı, Ayı, Günəşi gəzib-dolaşır, öz yaradıcısı ilə vəhdət yaradır. Cismən yerdə yaşayan insanın fikir və xəyalının sabit yeri yoxdur. Daha doğrusu, o, məkansızdır, yersizdir, öz dünyasından çox-çox uzaqlara qanad çalır. Bir sözlə, Allah hər yerdə olduğu kimi, insan da xəyalən hər yerdə ola bilir. Şair "İnsan allahdır” deyəndə, əlbəttə ki, bunu nəzərdə tutur. İnsanı Allah və kainatla vəhdətdə götürür.

    "Sığmazam” şeirini Nəsimi ulu keçmişə malik insanın fikrən və xəyalən heç bir çərçivəyə, qəfəsə sığmaması fikri ilə tamamlayır. İnsan haqqında düşüncənin zaman və məkan çərçivəsinə, qəfəsə sığa bilməməsini gur səslə bütün dünyaya elan edir. "Cism və can” mücəssəməsini yerdən göyə ucaldaraq onun surətində, varlığında böyük mənaların gizləndiyini bildirir.

 Nadanlıq və cahillik bəladır

    İdrak anlayışı, insanın özünüdərki Nəsimi yaradıcılığında xüsusi yer tutur. Şairə görə, insan həyatı əqli-mənəvi yüksəklik mərhələlərindən ibarətdir: şəriət, təriqət, mərifət və həqiqət. Bu mərhələlərdən keçib gedən insan müdriklik səlahiyyəti qazanır. Haqqa qovuşur, həqiqəti arayıb tapır. Deməli, başqa sufi alimlər kimi, Nəsimi də belə hesab edirdi ki, sirləri anlamaq üçün insan ali tərbiyəyə möhtacdır. İdrak tərbiyəsi üçün hər hansı bir insan özünə mürid (ustad) tapmalı, onun göstərişi və məsləhətlərinə sadiq qalmalıdır. Ustad və müəllimsiz heç kəs öz idrakını, şüurunu parlada bilməz.

     Nəsimi yaradıcılığında sevgi şeirləri də üstünlük təşkil edir. Şair ilahi və dünyəvi eşqi vəhdətdə görür. Onların birini digərinin davamı və təsdiqi kimi mənalandırır. Nəsimi ibadət və çilədənsə eşq ilə Allaha qovuşmağa üstünlük verir. Hürufi panteizmini təbliğ edərək hər şeyi Allah sanır. Hər şeyin əsasında hərf, söz və səslərin durduğunu bildirir. Hər şeyin dörd ünsürdən yarandığını iddia edir. Onun nəzərincə, Allah, insan, hərf və ünsür eynidir.

     Nəsiminin ilahi və dünyəvi məzmunda yazdığı şeirlərində də insan problemi əsas məsələdir. Böyük şair insanın gözəllik və səadətini, onun könül sərbəstliyi və mənəvi azadlığını, əqli-mənəvi yetkinliyini hər şeydən üstün tutur. İnsanı həyatın maddi və mənəvi gözəlliklərindən layiqincə kam almağa çağırır. Ona görə də insanın həyat sevgisinə qarşı çıxan nə varsa, hamısını pisləyir, tənqid və ifşa edir. Onları div, şeytan adlandırır. Orta əsrlər həyatına və ictimai mühitə etiraz edən Nəsimi nadanlığı, cahilliyi ən böyük bəla sayır, şeirlərində yaşadığı dünyanın bədii mənzərəsini yaradır. Şair öz zəmanəsində sözübütöv, doğrucul və vəfalı bir insan axtarıb tapa bilmir. Sanki bu aləm saxtakarlıq, yalan və hiylə üzərində qurulmuşdur. Onun heç bir sədəfində saf inci yoxdur, hər bir insanın ürəyi fitnə və hiyləgərlikdən uzaq deyil:

Qanı bir əhdi-peymanı bütün yar?!

Qanı bir qövlü-gerçək, doğru dildar?!

Qanı həqqi bilən bir gerçək ər kim,

Ola doğru anın dilində göftar?!

      Başqa bir qəzəlində isə Nəsimi sədaqətli bir dost, sirdaş tapa bilməməsindən şikayətlənir. Bu dünyanı tikanlı bir bağa bənzədir. Bu gülsüz yerdə gülzar axtarmağın boş, mənasız bir iş olduğunu bildirir. Tikanlı dünya gül deyil, tikan bitirir, özü vəfasız, dəyanətsiz olduğundan vəfalı, etibarlı yar-yoldaş yetirmir. Şair öz könlünə müraciət edərək yalnız onu özünə yaxın və doğma sanır:

 Sən sana gər yar isən gəl, ey könül, yar istəmə!

Yarü dildar ol sana sən yarü-dildar istəmə!

Bivəfadir çün bu aləm, kimdən istərsən vəfa?

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!

Gül bulunmaz bu dikənli dünyanın bağında çün,

Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!

      Nəsimi şeirlərindəki nəsihət və çağırışlar da mənalı və ibrətamizdir. Görkəmli Azərbaycan ədibi və ədəbiyyatşünas alimi Mir Cəlal Paşayev vaxtilə yazırdı ki, onun romantikası göyləri yox, ictimai zəmini, real həyatı araşdırmışdır. Şair insanın gözəl və nəcib cəhətlərini onun xeyirxahlığında, yaxşılıq etməsində, zülm və şərdən uzaqlaşmasında görürdü.

 Kainata ünvanlanmış suallar

      Nəsimi fəlsəfi şeirlərindən fərqli olaraq, didaktik-nəsihətamiz şeirlərində müasiri olan insan, onun həyat və məişəti barədə düşüncələrə dalır. Mücərrəd fəlsəfi düşüncələrini varlıq və insan barədə gerçək, real mülahizələrlə əvəz edir.

     Şair bütün kainata sual dolu nəzərlə yanaşır. Orta yüzillikləri düşündürən bu suallar şairi də bütün yaradıcılığı boyu düşündürüb-daşındırır. Nəsimi öz yaradıcılığında əski Şərq və Qərb elmi düşüncəsini birləşdirən mütəfəkkir kimi ucalır. Bədii söz sənətinin heç zaman solmaz, bir-birindən gözəl incilərini yaradır. Azərbaycan ədəbiyyatı tarixini yeni bir üslub, deyim tərzi, yeni surət və lövhələrlə zənginləşdirir.

   Onun həyat sevgisi və duyğularını əks etdirən nəğmə və şərqiləri məzmunca da, dil-üslub etibarilə də səmimi və aydındır. Şairin belə şeirlərində işlətdiyi istixarə, məcaz, bənzətmə və bədii mübaliğələri çox əlvan və rəngarəngdir. Ana dilindən alınan bu bədii ifadələr canlı dilimizin özü kimi aydın, gözəldir. Bulaq suyu kimi saf və şəffafdır, dəniz incisi kimi parlaq və dəyərlidir:

 Üzünü məndən nihan etmək dilərsən, etməgil!

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,

Aşiqi bixaniman etmək dilərsən, etməgil!

     Bu şeirdə bütün bənzətmə və məcazlar həyatdan gəldiyi üçün təbii və gözəldir. Nəsiminin gözəlləmə sayıla biləcək bu şərqiləri insan və onun gözəlliyi haqqında yazılmış nəğmə təsiri bağışlayır. Sevgilisinin surətini solmaz və zərif boyalarla işləyən şair orta əsr gözəlinin unudulmaz, yaraşıqlı obrazını yaradır. Qəzəldəki fikir və üslub aydınlığı şeir tariximizdə yeni bir cığırın başlanğıcıdır. Nəsimi şeirində musiqi ahəngdarlığı, ritm onun əsas bədii ünsür və məziyyətlərindən biridir. Şair cinasdan istifadə etməklə bunu təmin etməyə çalışır və şeirə yeni bir ahəng, təravət gətirir.

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,

Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?

Al ilə ala gözlərin aldatdı aldı könlümü,

Alını gör nə al edər, kimsə irişməz alinə.

 Şeirə şöhrət gətirən şair

      Nəsimi insan gözəlliyini təbiət gözəlliyindən daha ülvi və mənalı sayırdı. Şairə görə, sanki təbiət, yer, göy öz gözəlliyini, təravətini insandan alır. Ayın ayparaya çevrilməsi məhz sevgilinin aypara qaşlarına bənzəmək üçündür. Qızılgül rəngini, ətrini gözəlin al yanaqlarından almışdır, bənövşənin xumar gözləri yarın məstanə gözlərinin həsrətini çəkməkdəndir. Nəsimi öz həyat sevgisini, lirik qəhrəmanının kədərini, incə, zərif duyğularını yüksək bir şeiriyyətlə, aydın bir dil ilə ifadə edərək dünyəvi poeziyanın gözəl, kamil bir nümunəsini yaradır. Şairin belə şeirləri hələ öz zəmanəsində yeni bir ədəbi-tarixi hadisə kimi qarşılanırdı. Orta əsr alimi Lətifi (XVI) Nəsiminin məhz bu cür sadə, aydın bir dil və üslubda yazdığı şeirləri nəzərə alaraq yazırdı: "Türk şeiri ilə ən əvvəl Nəsimi şöhrət tapmışdır”.

    Nəsimi şeirində Ay da, Günəş də, yerlər də, müqəddəs ruhlar da insan gözəlliyindən, insanın böyüklük və əzəmətindən danışır. Onun ağlı, zəkası və gözəlliyi qarşısında baş əyir. Nəsimiyə görə, ən kamil insan öz əqidə və məsləki uğrunda meydana atılan insandır. "Başımı top edib yenə meydana girmişəm” deyən şair onları öz müasirlərinə nümunə göstərirdi. Həqiqi ər kişilərin, sevən aşiq və fədailərin yerinin döyüş və mübarizə meydanı olduğunu bildirirdi. Yüksək bədii zövqə malik olan Nəsimi incə, zərif və yeni-yeni mübaliğə, bənzətmə və istiarələri şeirə gətirmişdi. Bədii mübaliğəyə daha geniş yer verən şair öz poetik və fəlsəfi fikirlərini aydın və səmimi bir dillə üzə çıxarır:

 Ayın hilali əgərçi günəşdən alır nur,

Bu ayı gör ki, günəş nur alır hilalından.

     Nəsimi yaradıcılığında insan gözəl, səmimi və ucadır. Onun ağıl və idrakı ilə yanaşı, zahiri aləmi də öz təravəti və gözəlliyi ilə seçilir. Şair insanın üzərində, varlığında Tanrının əlamət və keyfiyyətlərini axtarıb tapır. İnsanı ucaldır, ülviləşdirir. Ona mənəvi və cismani əziyyət verənlərə qarşı etiraz səsini qaldırır. İnsan gözəlliyi haqqında şeirlərində onun hüsn-camalında öz gözəllik ideallarını axtarıb tapır. Dünya və həyatı insandan ayrı təsəvvür etmir.

    Nəsimi belə bir qənaətə gəlir ki, insan həm incidir, həm sədəfdir, həm yaradandır, həm yaradıcıdır, həm qızılgüldür, həm də yasəməndir. Bütün gözəlliklər, varlıq, yer və göy məhz ona xidmət üçün yaranmışdır. İnsan olmasa, bütün aləm çox mənasız və miskin görünərdi.

   İnsana, onun gözəllik və ləyaqətinə həsr etdiyi bu könül nəğmələri hələ şairin öz sağlığında "nəsimilər” adlandırılaraq, eldən-elə dolaşırdı. Kainatın günəşi olan insanı yüksəldən, sevdirən bu şərqilərdə insanın işıqlı, aydın surəti, böyüklüyü bütün Şərq ellərini heyrətə salmışdı. İlk dəfə olaraq insan məhz öz gözəlliyindən ilham alırdı. Ay, günəş deyil, öz surəti qəlbinə, şüuruna işıq saçırdı. Özünü anlamağa və sevməyə başlayırdı.

"Bahar oldu, gəl, ey dilbər...”

     Nəsimi sevgi və gözəllik şərqilərində ağac, dəniz, qənd, şəkər, müşk, ay, günəş, qızılgül, yasəmən və başqa bu kimi obrazlardan bol-bol istifadə edir. Həyatdan aldığı bu real və dünyəvi surətlərlə insani gözəlliyi, müasirlərinin istək və diləklərini təbii və səmimi bir üslubda əks etdirir. Təbiət gözəlliklərinin vəsfi də Nəsimi şeirində insanla əlaqələndirilir. Şair ən çox bahar fəslini, Novruz bayramını sevib poetik bir dillə qələmə alır. Nəsimiyə görə, baharın gəlişi insanların ürəyində yeni sevinc duyğularının oyanması deməkdir. Bütün fəsillər kimi, bahar fəsli də insanın qəlbi ilə sanki həmahəngdir.

Bahar oldu, gəl, ey dilbər, tamaşa qıl bu gülzara,

Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.

     Xalq mahnı və şərqilərinin Nəsimi yaradıcılığına təsiri çox böyükdür. Xalqın hikmət bulağından su içmiş şairin el nəğmələri ilə səsləşən şeirlərində axıcılıq, ahəngdarlıq və səmimiyyət daha parlaqdır. Burada "Kitabi-Dədə Qorqud”u xatırladan söz və ifadələrin, bədii deyim və ifadə tərzlərinin olması da çox səciyyəvidir. Əski Şərq nəğmələrini xatırladan məqamların Nəsimi şeirinin əsas tərkib hissəsinə çevrilməsi onun öz ideya və fikirlərini şifahi şəkildə yaymaq məqsədindən irəli gəlirdi. Şair bu könülaçan şərqiləri ilə müasirlərinin qəlbinə, ruhuna nüfuz edir, onları əqli-mənəvi kamilliyə səsləyirdi.

     Nəsimi şeirlərinin lirik qəhrəmanı tez-tez canlı və cansız varlıqlara üz tutmaqla öz qəlb aləmini işıqlandırır. Müraciət hədəfinin dəyişməsi ilə aşiqin düşüncə və duyğuları da dəyişir, yeni-yeni rəng alır. Sevgilisinə üz tutan aşiq dərdindən danışır, acı həyat və taleyindən şikayətlənir. Öz təxəllüsünə müraciət edəndə isə Nəsimi nəsihətamiz fikirlərini irəli sürür. Ümumiyyətlə, şəha, ey könül, ey pəri, dilbəra, ey həbib, cana və s. bu kimi müraciətləri aşiq-qəhrəmanın dünya və insanlara müraciətidir.

    Qədim dini-tarixi kitablar, onlarla bağlı obraz, süjet və rəvayətIər Nəsimi yaradıcılığında yeni məna, məzmun qazanır, yeni bir ideya və konsepsiyanın ifadəsinə çevrilir. Şair bir sıra şeirlərində Məhəmməd peyğəmbərin, Musa peyğəmbərin, İsa peyğəmbərin, Xızırın, Süleymanın, Bilqeyisin, Yusifin və başqalarının adlarını çəkir, onlarla bağlı əfsanələri xatırladır. Yusif deyəndə ağlı, gözəlliyi, Süleymandan danışanda müdrikliyi, İsanı xatırlayanda onun öz nəfəsi ilə ölüləri diriltməsini, Xızırın dirilik suyu içməsini, Musanın Tur dağında Allahla danışmasını yada salır. Cənnəti o biri dünyada deyil, məhz bu dünyada axtarır. İnsanın öz qəlbində həqiqəti tapmasını cənnət adlandırır.

     Nəsimi sözü, düşüncəsi bir məktəbdir. Bu il Azərbaycanda elan olunmuş Nəsimi ili, bu təşəbbüs çərçivəsində keçirilən tədbirlər isə bu hikmət dəryasından öyrənmək, öyrəndiklərimizlə insanlığa fayda vermək üçün bütün dünyaya ünvanlanmış çağırışdır. Öyrənək, kamilləşək, gələcək nəsillər üçün daha gözəl bir dünya quraq.

www.azerbaijan-news.az/uploads/1553805706.pdf  

 

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor,

YAP Qadınlar Şurasının sədri