BSU tələbələrinə hepatit viruslarının fəsadlarından bəhs edilib

                   

    Bakı Slavyan Universitetində (BSU) Tibbi biliklər kafedrasının təşkilatçılığı ilə Bakıdakı “Hind Klinikası” tərəfindən kəskin hepatit B və C viruslarının fəsadları barədə  maarifləndirici tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə açan BSU-nun Tibbi biliklər kafedrasının müdiri Pərvanə Cəfərova mütəmadi olaraq kafedra tərəfindən hepatitlərlə mübarizə sahəsində gənclər üçün zəruri tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

    Hind Klinikasının direktoru, androloq və damar cərrahı Dr. Ronald D`Mello çıxışında əvvəlcə klinikanın fəaliyyətindən danışaraq bildirib ki, “Hind Klinikası” MMC 2004-cü ildən bəri Bakıda fəaliyyətə başlayıb. R. D`Mello hepatit xəstəliyi və onun törətdiyi fəsadlar barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, hepatit xəstəliyi iltihabi xəstəlik olub, qaraciyər hüceyrələrini zədələyən  virus tərəfindən törədilir. Hind Klinikasında hepatit viruslarına yoluxmuş xəstələrə düzgün diaqnozun qoyulması, onların qeydiyyatının aparılması, müalicələrinin  lazımi qaydada təşkil edilməsi ilə bağlı məqsədyönlü  tədbirlər həyata keçirildiyini deyən direktor Hindistanda tibbi müalicənin qiymətinin dünyada ən aşağı müalicə qiyməti hesab olunmasından da söz açıb.

   Sonra söz alan həkim-koordinator Səfadə Tağıyeva viruslu hepatitlər, qaraciyərin iltihabı, profilaktikası, ümumi əlamətləri, hepatit virusunun bütün növlərinə yoluxma, xəstələyin göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə geniş məruzə ilə çıxış edib. S.Tağıyeva dünya statistikası üzrə 350 milyon insanın viruslu hepatit xəstəliyinə yoluxduğunu deyib.

   Hind Klinikasının ginekoloq konsultantı, Dr. Rajani Çandra-D`Mello qeyd edib ki,  vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya – qaraciyər serrozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır. R. Çandra-D`Mello deyib: “Hepatit viruslarına hər kəs yoluxa bilər. Amma bu, o demək deyil ki, hepatitdən qorunmaq mümkün deyil. Bunun üçün bir sıra gigiyena qaydalarına əməl etmək, bu xəstəliyə yoluxmamaq üçün dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək vacibdir”.

   Qonaqlar yüksək səviyəli təşkilatçılığa görə BSU rəhbərliyinə minnətdarlıq edib, Novruz bayramı münasibəti ilə iştirakçılara xoş arzular diləyiblər.

  Tədbirin davamında çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova Tibbi biliklər kafedrası tərəfindən keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirərək gənclərə hepatit virusları və bu kimi xəstəliklərdən qorunma yolları barədə bir sıra tövsiyələr verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti