BSU-da Fakültələrarası Debat layihəsinin ilk mərhələsi həyata keçirilib

    

   Mayın 8-də Debat klubunun təşkilatçılığı ilə Tərcümə və Pedaqoji fakültələrinin tələbələri arasında "Kitabların oxunmamağının səbəbkarı gənclərdir?" mövzusunda debat keçirilib. 

     Debatda ekspert qismində BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Pedaqoji fakültənin dekanı, professor Flora Nacıyeva, Tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova, dekan müavini Leyla Musayeva, Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Rauf Hacı, həmçinin dosent Mahirə Əzizova, hakim qismində isə Debat Klubun üzvləri Cavid Seyidov və İsa Hüseynli iştirak ediblər.

     Debat zamanı kitabların kifayət qədər oxunmamağının səbəbləri müzakirə olunub.  Sonda ekspertlər kitabdan ayrı düşməmək üçün gənclərə tövsiyə xarakterli bir sıra maraqlı təkliflər edib və öz rəylərini bildiriblər.

BSU-nun mətbuat xidməti