“Novruz bayramının tarixi kökləri” mövzusunda elmi seminar

                                                  

     Martın 16-da BSU-nun Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyası, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi, Diplomatiya və xarici siyasət kafedrasının birgə təşkilatçılığı ilə “Novruz bayramının tarixi kökləri” mövzusunda elmi seminar keçirilib.

     Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib. O bildirib ki, universitetdə ənənəvi olaraq bu cür seminarların keçirilməsi tələbələrin maarifləndirilməsi istiqamətində görülən mühim işlərdəndir.

     Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov Azərbaycanda hər il böyük təntənə ilə qeyd edilən Novruz bayramının dərin tarixi kökünün elmə söykəndiyini vurğulayıb. Bu bayramın yalnız dini baxımdan deyil,eyni zamanda  elmi tərəflərini araşdırmağın vacibliyini diqqətə çatdırıb.

     Seminarın təşkilatçılarından olan Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev çıxışlarında Novruz bayramının əsas əlamətlərinin, bu bayramın mühim hadisə kimi əsrlərdən bəri qədim xalqlar arasında xüsusi təmtəraqla qarşılanmasının dini və elmi cəhətlərini izah ediblər. Çıxışçılar bildiriblər ki, Novruz bayramı hələ İslam dini mövcud olmamışdan əvvəl baharın gəlişi ərəfəsində qədim türk xalqları tərəfindən qeyd olunub. Natiqlər bayramın atributları, odun mahiyyəti ilə bağlı maraqlı faktlar səsləndiriblər.

     Seminarın davamında müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

                        

                                                                                                                                                                           BSU-nun Mətbuat xidməti