BSU-da M.Lermontov anıldı

                                             

     Martın 10-da Bakı Slavyan Universitetində (BSU) böyük rus şairi, dramaturq, rəssam Mixail Lermontova həsr olunmuş ədəbi-bədii gecə keçirilib. BSU-nun Sankt-Peterburq mərkəzi, Moskva auditoriyası və Rus dili İnstitutunun təşkilatçılığı ilə baş tutan mərasimin əvvəlində M.Lermontovun həyatını əks etdirən slayd nümayiş olunub.

     Tədbirdə çıxış edən tədris işləri üzrə prorektor, professor Telman Cəfərov dünya şöhrətli  şairin bütün yaradıcılığı boyu Qafqaz xalqlarının folkloruna, o cümlədən Azərbaycan xalq yaradıcığına bəslədiyi dərin məhəbbətdən danışıb. T.Cəfərov qeyd edib ki, gənc yaşlarından, xalq yaradıcılığını böyük diqqət və həvəslə öyrənən şairin Azərbaycan xalq dastanı “Aşıq Qərib”i bəzi dəyişiklərlə yazıb götürməsi və Azərbaycan dilini səy ilə öyrənməyə çalışması onun Qafqaz xalqlarına olan sevgisini sübut  edir.

      Sankt-Peterburq mərkəzinin dosenti İrina Qədimova çıxışında vurğulayıb ki, Mixail Lermontovun yaradıcı irsi təkcə Rusiyanın deyil, bütövlükdə dünya mədəniyyətinin tərkib hissəsidir. İ.Qədimova Mixail Lermontovun şair, yazıçı, dramaturq olmaqla bərabər istedadlı rəssam olmasından da söz açıb.

      Ədəbii-bədii gecədə ümumi və rus dilçiliyi kafedrasının professoru  Qalina Şipulina M.Lermontovun həyat və yaradıcılığı, keçdiyi kəşməkeşli yollar barədə iştirakçılara ətraflı məlumat verib. O, bildirib ki, cəmi 27 il ömür sürən Mixail Lermontov bu qısa ömür ərzində olduqca maraqlı əsərlərə imza atıb. Dahi şairin Qafqaza sürgün edilməsi yaradıcılığına da təsirsiz ötüşməyib. Qafqazda gördükləri və buranın gözəllikləri onun ilham mənbəyi hesab edilir.

      Tədbir çərçivəsində M.Lermontovun şeirlərinə bəstələnmiş mahnılar dinlənilib, BSU tələbələri şairin məşhur şeirlərini səsləndiriblər.

                                                                                                                                               

                     

                                                                                                                                                              BSU-nun Mətbuat xidməti