YAP Gənclər Birliyi idarə heyətinin iclası

     Oktyabrın 27-də Bakı Slavyan Universitetinin (BSU) YAP Gənclər Birliyi idarə heyətinin iclası keçirilib. İclasda iştirak edən Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova YAP Gənclər Birliyinin fakültələr üzrə sədrlərinin hesabatlarını dinləyib. Fakültə sədrləri son iki ay ərzində təşkilat tərəfindən keçirilən tədbirlər, görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, YAP Gənclər Birliyinin qarşısında duran əsas məqsəd bu təşkilata fəal gənclərin cəlb olunmasıdır.

     İclasda YAP Gənclər Birliyinin layihələrindən də söz açılıb. Bildirilib ki, təşkilat tərəfindən fakültələr üzrə dil kursları təşkil edilib. Tələbələrdən ibarət müəllim heyəti rus dilini bilməyən tələbələrə bu dili dərindən mənimsəməkdə köməklik göstərir. Asudə vaxtlarını dil öyrənməklə keçirən tələbə qrupları müxtəlif lüğətlər və dərsliklərlə təmin edilib.

     Təşkilat sədri Elcan Məmmədov bildirib ki, yaxın gələcəkdə alman və ingilis dillərindən də kurslar təşkil olunacaq. Gənclər bildiriblər ki, fakültə dekanları da onlara yaxından dəstək olur, qrupları kurs keçmək üçün boş auditoriya ilə təmin edirlər.

     YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Xanım Sultanova qeyd edib ki, rektor professor Nurlana Əliyeva rus dilinin gənclərə öyrədilməsinə xüsusi diqqət ayırır. Universitet tərəfindən həm rus dilinin, həm digər əcnəbi dillərin yüksək səviyyədə tədrisi ilə bağlı mühim işlər görülür. Sonra prorektor gənclərə öz tövsiyələrini verib, onlardan dəstəyini əsirgəməyəcəyini vurğulayıb.

                                                                                                                                                                       Aytəkin Qardaşova