Beynəlxalq əlaqələr

Yarandığı gündən BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi universitetin inkişafında ən mühüm istiqamətlərindən biri olmuşdur. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa başlanılmışdır. Əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur, müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. 

Tanınmış siyasi xadimlər BSU-nun fəxri doktorlarıdır:
• Rusiya Federasiyasının Prezidenti – Vladimir Vladimiroviç Putin
• Rusiya Federasıyasının Dövlət Dumasının deputatı, RF-nın Dövlət Dumasında
«Spravedlivaya Rossiya» fraksiyasının rəhbəri – Sergey Mixayloviç Mironov
• Ukraynanın dövlət və siyasi xadimi – Viktor Andreyeviç Yuşenko
• Bolqarıstanın siyasi xadimi – Qeorqiy Pırvanov
• Ukrayna Ali Radasının sədri ( 2000-2002) – İvan Stepanoviç Plyuş
• Yunanıstanın keçmiş Prezidenti, siyasətçi, hüquqşünas – Konstantinos
Stefanopulos (1995-2005)
• Yunanıstanın kemiş Prezidenti (2005-2015), siyasi xadim – Karolos Papulyos
• Belarus Respublikasının Prezidenti – Aleksandr Qriqoriviç Lukaşenko
• Rusiya Federasiyası Dövlət Dumasının Sədri – Serqey Yevqeniyeviç Narışkin
• Bosniya və Herseqovinanin Rəyasət Heyətinin üzvü – Mladen İvaniç 

Universitet Rusiya, Ukrayna, Bolqarıstan, Polşa, Fransa, Türkiyə, Yunanıstan, İsveçrə, Almaniya, Gürcüstan, Macarıstan, Litva və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə sıx münasibətlər yaratmışdır.

 BSU, bir sıra beynəlxalq təşkilatların üzvüdür:
• Magna Charta Universitatum – Azadlıqların Böyük Xartiyasının;
• Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının;
• Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasıyasının;
• «Regionşünaslıq» və «Beynəlxalq münasibətlər» istiqamətləri üzrə Rusiya
Federasiyası Ali məktəbləri tədris-metodik birliklərinin;
• MDB-nin Şəbəkə Universitetinin
• Kafkasya Üniversiteler Birliğinin
Tələbələr MDB və Avropa ölkələrində təcrübə keçir və təhsillərini davam etdirirlər. BSU-nun magistrant və tələbələri müntəzəm olaraq Varşava Universitetinin Şərqi Avropa Araşdırmalar İnstitutunun təşkil etdiyi yay məktəblərində və seminarlarında, Moskva Dövlət Linqvistik Universitetinin, Moskva Şəhər Pedaqoji Universitetinin, Poltava İqtisadiyyat və Ticarət Universitetinin və s. ali məktəblərin konfrans və tələbə aksiyalarında iştirak edirlər. Tələbə mübadiləsi ilə bağlı daha fəal proqram Adam Mitskeviç adına Poznan Universiteti (Polşa), Lozanna Universiteti (İsveçrə), Tübinqen Universiteti (Almaniya) ilə həyata keçirilir. BSU-nun tələbələri Ukrayna, Almaniya, Fransa, Böyük Britaniya, Polşa, Yunanıstan, Türkiyə, Bolqarıstanın ali məktəblərində dil təcrübəsi keçirlər. Akademik mübadilə sahəsi də aktiv fəaliyyət göstərir: Türkiyə, Polşa, Fransa,İsveçrə, Almaniya, Yaponiya, Braziliya, ABŞ, MDB ölkələri və dünyanın digər ölkələrinin müəllimləri BSU-da mühazirə oxuyur və ustad dərsləri aparırlar. BSU-nun müəllimləri də Rusiya (Moskva Dövlət Linqvistik Universiteti) Türkiyə (Qafqaz Universiteti), ABŞ (Kolumbiya Universiteti, Miçiqan Universiteti, Viskonsin-Medison Universiteti), Fransa (İNALCO, Nancy-2), Almaniya (Yohannes Qutenberg Universiteti-Mayns, Vyursburq Universiteti), Belarus (M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti) və s. ölkələrin aparıcı  universitetlərində mühazirələr oxuyurlar. Beynəlxalq əlaqələrin inkişaf etmiş sahələrindən biri də Yay məktəbidir. Burada müxtəlif ölkələrin (Almaniya, ABŞ, Polşa, Türkiyə və s.) tələbələri azərbaycanşünaslıq, qafqazşünaslıq, türkologiya və rusiyaşünaslıq üzrə kurs keçirlər.

BSU-da Türkiyə, Çin, Rusiya, Cənubi Koreya, Gürcüstan, Pakistan, Estoniya və digər ölkələrin vətəndaşları təhsil alırlar

BSU bir neçə beynəlxalq layihələrin fəal iştirakçısıdır:
• «Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək» Avropa Şurası – BBC
World Service Trust –BSU-nun birgə layihəsi
Erasmus Mundus – IANUS layihəsi – Akademik Mübadilə Şəbəkəsi
TEMPUS proqramı çərçivəsində «Avropaşünaslıq fənni üzrə kurrikulum
islahatları və potensialın inkişafı» – CURDEUS layihəsi
• Tələbə mübadiləsi üzrə Mövlanə proqramı
BSU elmi məcmuələrin birgə nəşrini, konfransların, simpoziumların və s. təşkilini nəzərdə tutan bir sıra layihələr həyata keçirir. Hazırda həyata keçirilən «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar haqqında nəğmə» orta əsr qəhrəmanlıq eposlarında Şərq və Qərb» mövzusunda 5 illik layihə ən böyük müştərək tədqiqat layihələrindən biridir (BSU – Yohannes Qutenberg Universiteti-Mayns – «Oswald Wolkenstain Gesselschaft» tədqiqat cəmiyyəti). 2000-ci ildə yaradılmış BSU-da «Səfir saatı» klubunda Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, siyasətçiləri, mədəniyyət nümayəndələri ilə görüşlər
təşkil olunur. Ənənəvi olaraq, klubun qonaqları öz ölkələrinin mədəniyyətinə, tarixinə, iqtisadiyyatına və digər mövzulara aid məruzələrlə çıxış edirlər.
Universitetdə bir sıra tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir:
Ukrayna tədris-mədəniyyət mərkəzi , Rusiya tədris-mədəniyyət mərkəzi , Türkiyə Araşdırmaları mərkəzi, Müasir Yunan dili və mədəniyyəti mərkəzi, Bolqar dili və mədəniyyəti mərkəzi , Belarus Dili və Mədəniyyəti Mərkəzi, Polyak dili və mədəniyyəti mərkəzi , Çex dili və Mədəniyyəti mərkəzi ,Vilhem Fon Humboldt adına alman dili və mədəniyyəti mərkəzi , Viktor Hüqo adına fransız dili və mədəniyyəti mərkəzi. Azərbaycanda İngilis Dili Müəllimləri Assosiyasiyasinin Ofisi (AZETA), Azərbaycanda Alman Dili Müəllimləri Assosiyasiyasının Ofisi BSU-da fəaliyyət göstərir.

«Azərbaycanşünaslığın inkişafı xaricdə» layihəsi Bakı Slavyan Universitetinin bəynəlxalq əlaqələrinin önəmli istiqamətlərindən biridir. BSU imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin geniş yayılması sahəsində səmərəli fəaliyyət göstərir. Bakı Slavyan Universitetinin təşəbbüsü və maddi dəstəyi ilə xarici universitetlərdə Azərbaycanşünaslıq tədrismədəniyyət mərkəzləri açılır və BSU mütəmadi olaraq həmin mərkəzləri Azərbaycanın ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təmin edir. Mərkəzlər həmçinin texniki avadanlıqlar, Azərbaycan tarixini, mədəniyyətini əks etdirən kitablar, audio-video materiallarla təchiz olunur. Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin əsas iş funksiyaları Azərbaycan dilinin tədrisi və Azərbaycanşünaslığın təbliğidir. Mərkəzlərin fəaliyyəti tədris və mədəniyyət istiqamətləri üzrə aparılır. Tədris istiqaməti çərçivəsində mərkəzlərdə Azərbaycan dili üzrə tədris-metodik vəsaitlər və proqramlar hazırlanır. Mütəmadi olaraq xarici ölkələrin universitetlərində fəaliyyət göstərən mərkəzlərdə Azərbaycanın görkəmli elm və mədəniyyət nümayəndələri, ictimai xadimləri ilə görüşlər təşkil olunur, Azərbaycan yazıçılarına, şairlərinə həsr olunmuş gecələr keçirilir, milli bayramlar, Azərbaycanın tarixi hadisələri qeyd olunur. Hazırda «Azərbaycanşünaslığın inkişafı xaricdə» layihəsi çərçivəsində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri:
• Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti
mərkəzi
• Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili
və mədəniyyəti mərkəzi
• Poltava İqtisadiyyat və Ticarət Universitetində Azərbaycan dili və mədəniyyəti
mərkəzi
• Kiyev Milli Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi
• Müqəddəs K.Oxridski adına Sofiya Universitetində Azərbaycan dili və
mədəniyyəti mərkəzi
• Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi