MOSKVA DÖVLƏT LİNQVİSTİK UNİVERSİTETİNDƏ AZƏRBAYCAN DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

   

      Rusiya Federasiyasının Moskva Dövlət Linqvistik Universitetində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyət Mərkəzi 2009-cu ilin 15 aprel tarixində açılmışdır. Təntənəli açılış mərasimində MQLU-nun rektoru, pedaqoji elmlər doktoru, Rusiya Təhsil Akademiyasının akademiki, professor İ.İ.Xaleyeva, Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri P.Bülbüloğlu, Rusiya Dövlət Dumasının üzvləri, Azərbaycan diasporasının təmsilçiləri və BSU-nun nümayəndə heyəti iştirak etmişlər.

      Mərkəz ən müasir texniki avadanlıqla – kompüter və noutbuklarla, geniş ekranlı televizorla, musiqi mərkəzi və proyektorla təchiz edilmiş, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı məlumatlardan, sənədli və bədii filmlərdən, klassik və müasir musiqi nümunələrindən ibarət disklərlə, milli məişət və bəzək əşyaları ilə təmin edilmişdir.Mərkəzin zəngin kitabxana fondu Azərbaycanın tarixi və mədəniyyətindən, onun müasir həyatından bəhs edən kitablardan, görkəmli yazıçı və şairlərin əsərlərindən, elmi nəşrlər və tədris ədəbiyyatından, lüğətlər və məlumat kitabçalarından, dövrü mətbuat nümunələrindən ibarətdir.