Bakı Slavyan Universiteti UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında "İnklüzivliyə aparan təhsil" mövzusunda layihə müsabiqəsini elan edir

Bakı Slavyan Universiteti (BSU) UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında "İnklüzivliyə aparan təhsil"  mövzusunda layihə müsabiqəsini elan edir.

 

I. Müsabiqənin məqsədi:

Müsabiqənin keçirilməsində məqsəd – tələbələrin şüurunda inklüziv təhsilin yerini təsbit etmək, onların yaradıcı təfəkkürünü təhsil və inkişafla əlaqələndirmək, inklüziv düşüncə tərzini inkişaf etdirmək, inklüziv dərsin planlaşdırılması, səmərəli keçirilməsi və adekvat qiymətləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara tələbələrin diqqətini artırmaq və inklüziya üzrə gələcəyin müəllimlərini hazırlamaqdan ibarətdir.

 

II. Müsabiqənin təşkili və keçirilmə qaydaları:

Müsabiqədə bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqə iştirakçıları BSU-da təşkil ediləcək III inklüziv otaqda (I-Pozitiv düşüncə, II- Yaradıcılıq emalatxanası, III- Playboom) 6-18 yaş arası uşaqlar üçün müxtəlif inkişafetdirici məşğələlələrin və əyləncəli oyunların keçirilməsini nəzərdə tutan təlim icmalını hazırlamalıdırlar. İştirakçılar qeyd olunan mövzularda təqdimatlar hazırlayaraq müsabiqəyə fərdi şəkildə müraciət edə bilər. Layihə təklifləri videoçarx, təqdimat, esse və s. formatlarından birində ola bilər.

 

Müraciət zamanı təqdim olunan material aşağıda qeyd olunan meyarlara cavab verməlidir:


• Təqdimat video formatda maksimum 3 dəqiqə, təqdimat formatında 7-10 slayd, esse formatında 2 səhifə (A4, Arial 12 şriftində) olmalıdır;


• İstifadə olunan dil – azərbaycan və rus;

 

Müraciət etmək istəyənlərdən təqdimatlarını 13 mart 2023-cü il tarixinədək ibtidai.tehsil@bsu-uni.edu.az ünvanına e-poçt vasitəsilə göndərmələri xahiş olunur. 

 

III. Layihələrin qiymətləndirilməsi və qaliblərin mükafatlandırılması:

Müsabiqəyə təqdim olunan layihə nümunələrinin qiymətləndirilməsi BSU-nun və UNİCEF-in mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək. İnklüziv təhsilin inkişafı ilə bağlı olan layihələr aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:


• İşin müsabiqənin mövzusuna uyğunluğu — 0-dan 20 bala qədər;
• İşin icrasının keyfiyyəti və estetikası 0-dan 20 bala qədər;
• Mövzunun açıqlanmasının orijinallığı - 0-dan 20 bala qədər;
• İdeyanın yeniliyi — 0-dan 20-yə qədər.


Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Həmçinin, I yerin qalibləri öz layihəsini həyata keçirtmək üçün BSU-da keçiriləcək “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı respublika elmi-praktik konfransı çərçivəsində lazımi şərait və texniki dəstək imkanını qazanacaqlar.