BSU-da “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda elmi-praktik seminar keçiriləcək

     Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının təşəbbüsü, Bakı Slavyan Universitetinin (BSU) dəstəyi və təşkilatçılığı ilə BSU-da dekabrın 13-14-də “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda elmi-praktik seminar keçiriləcək. Məlumat üçün bildirək ki, bu elmi-praktik seminarın yüksək səviyyədə təşkili və keçirilməsi üçün BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq əmri ilə 18 nəfərdən ibarət İşçi qrupu yaradılıb. Qeyd edək ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvüdür və Assosiasiya ilk tədbirini də Azərbaycanda, BSU-da keçirir.   

     Elmi-praktik seminarda Moskva Şəhər Universitetinin Xarici Dillər İnstitutunun professoru, pedaqoji elmlər doktoru Qalina Lyovina, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası Katibiyinin direktoru, pedaqoji elmlər namizədi Aleksandr Korotışev, Moskva Pedaqoji Dövlət Universitetinin Təhsildə fənlərarası filoloji layihələr laboratoriyasının müdiri, pedaqoji elmlər doktoru, dosent Olqa Drazdova və digər tanınmış və nüfuzlu alim-mütəxəssislər iştirak edəcəklər. Seminarda həmçinin Azərbaycanın ali məktəblərinin, orta məktəblərinin və liseylərin rus dili müəllimləri iştirak edəcəklər.

     Üç gün davam edəcək seminarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə rus dilinin hazırkı tədris vəziyyəti, bu məsələyə müasir və innovativ yanaşmalar və eləcə də digər vacib məqamlarla bağlı mühazirələr, dəyirmi masalar keçiriləcək. Seminarın sonunda sertifikatlar təqdim ediləcək. Seminar çərçivəsində rusiyalı qonaqların Bakının tarixi-mədəni yerlərinə gəzintilərinin təşkil edilməsi də nəzərdə tutulur.

 

Mətbuat xidməti