BSU-nun rektoru Fəxri Fərmanla təltif olunub

BSU-nun rektoru Fəxri Fərmanla təltif olunub

 Mayın 29-da Bakı Slavyan Universitetində (BSU) IV kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki,  2019-cu ildə BSU-dan fakültələr üzrə ümumilikdə 555 tələbə 32 dövlət müəssisəsində, 32 orta məktəbdə istehsalat və pedaqoji təcrübə keçib. Rektor orta təhsil məktəbləri sırasında Bakıda yerləşən məktəblərlə yanaşı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinin də olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu məktəbə BSU-nun beş nəfər vətənpərvər tələbəsi könüllü olaraq təcrübə keçib, universiteti layiqincə təmsil ediblər. Nurlana Əliyeva BSU məzunlarından əksəriyyətinin istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz qazandıqlarını diqqətə çatdırıb.

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev Bakı Slavyan Universiteti tərəfindən Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Cocuq Mərcanlıda təşkil olunan tədbirin əsl vətənpərvəlik nümunəsi olduğunu diqqətə çatdırıb. A.Fərzəliyev Cocuq Mərcanlıda keçirilən tədbirin yüksək səviyyəli təşkilatçılığına görə BSU rektoru Nurlana Əliyevaya Cəbrayıl rayon İcra Hakimiyyəti adından Fəxri Fərman təqdim edib.