Hacıyev Asif Abbas oğlu

Ədəbiyyatşünas, folklorçu, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində anadan olub. O, 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Hacıyev 1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib.1986-cı ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə elmi Cəmiyyətinin sədri olub.

A.Hacıyev rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışmış, kafedranın professoru olmuşdur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparmışdır.

1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyən Hacıyev 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universitetinin rektoru olub. Asif Hacıyev ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya və folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir. Elmi yaradıcılığında Borçalı və Axısqa türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. 1986-cı ildən Borçalı və Axısqa türklərinin folklorunun toplanması ilə
məşğuldur. Axısqa türklərinin mifologiyasına, folkloruna, arix və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilmişdir. Bu sahədə tədqiqatlarından və topladığı folklor-etnoqrafik materiallarından ibarət məqalələri və kitabları Azərbaycanda vəTürkiyədə dərc olunub.

Əsərləri Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikista, Gürcüstan və b. yerlərdə çap edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. 50-dən çox monoqrafiya, elmi məcmuə, dərslik və s. elmi redaktoru, məsləhətçisi,
rəyçisidir. 30-a qədər dissertasiya işinə opponentlik edən Hacıyev bir neçə doktorantın elmi rəhbəridir.

Moskva Humanitar Pedaqoji İnstitutu Elmi Şurasının 26.09.2006-cı il tarixli qərarı (№12) ilə Asif Hacıyevə bu İnstitutun Fəxri professoru adı verilmşdir. Rossotrudniçestvanın «Dostluq və əməkdaşlığa görə» («За дружбу и сотрудничество») Fəxri nişanı (2014), Rus dilinə dəstək beynəlxalq pedaqoji cəmiyyətinin (Moskva) 10 illiyinə «Müəllim adına sədaqət» («За верность учительскому призванию») medalı (2014), Rusiya Federasiyasının A.S.Puşkin medalı (22 aprel 2016) ilə təltif olunmuşdur. Qafqaz Universitetlər Birliyi Elmi şurasının üzvüdür (Türkiyə).
AMEA Folklor İnstitutunda elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007-
2011) olub. AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə problem şuranın üzvüdür. A.Hacıyev 2011-ci ilin noyabrından Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.071
Dissertasiya Şurasının sədridir.