Həştərxan Dövlət Universitetinin rəhbər heyəti BSU-da olublar

                           

   İyulun 23-də Rusiya Federasiyası Həştərxan Dövlət Universitetinin (HDU) strateji inkişaf üzrə prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya, həmin universitetin Avrasiya və Şərq Departamentinin direktoru, siyasi elmlər doktoru, professor Rafik Usmanov Bakı Slavyan Universitetində (BSU) olublar. Qonaqları tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qəbul edərək, onlara universitetin tarixi, keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, BSU-nun Rusiyanın br çox universitetləri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə Moskva və Sankt-Peterburq Tədris-Mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib. Rusiya Federasiyasının Prezidenti V.V.Putinin bu universitetin fəxri professoru olduğunu vurğulayan prorektor qonaqlara Türk-Slavyan Əlaqələri və Tərcümə Problemləri elmi-tədqiqat laborotoriyalarının işi barədə də məlumat verib.

   Telman Cəfərov rus dilinin və rus ədəbiyyatının Azərbaycanda bu gün də xüsusi həvəslə öyrənildiyini və Bakı Slavyan Universitetinin bu işdə baza rolu oynadığını bildirib.  Həştərxan Dövlət Universitetinin birinci prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya da öz növbəsində HDU haqqında məlumat verərək bu il çalışdıqları universitetin 100 illiyinin qeyd ediləcəyini diqqətə çatdırıb.

   O, Həştərxan vilayətinin, o cümlədən Həştərxan Dövlət Universitetinin bütün zamanlarda Azərbaycanla sıx əlaqələrə malik olduğunu qeyd edib. E.Polyanskaya hazırda universitetdə 200-ə qədər azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb. Bundan əlavə o, HDU-nun Həştərxanda fəaliyyət göstərən Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq etdiyini, bir çox layihələrə birgə imza atdıqlarını qeyd edib. Universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin təşkili üçün otaq ayrıldığını və bu işin Bakı Slavyan Universitetinin dəstəyi ilə həyata keçiriləcəyinə ümid etdiyini vurğulayıb. O, Bakıda da Həştərxan Dövlət Universiteti mərkəzinin yaradılması ilə bağlı intensiv işlərin getdiyini bildirib.

   Sonra tərəflər gələcək əməkdaşlığın vacib istiqamətlərini müzakirə ediblər. Buraya tələbə mübadiləsinin reallaşdırılması, birgə elmi layihələrin həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ezamiyyəti məsələləri, elmi jurnalların və nəşrlərin birgə nəşri və s. daxil edilib. 

   Qonaqlar Rusiya Tədris-Mədəniyyət Mərkəzinə, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinə, Heydər Əliyev Tədris Mərkəzinə və Muzeyə baş çəkib, mərkəzlərin fəaliyyəti ilə tanış olublar.

   Sonda 2013-cü ildə imzalanmış universitetlərarası müqavilənin yenilənməsi qərara alınıb. Bakı Slavyan Universiteinin prorektoru, professor Telman Cəfərov qonaqlara “Ümidləri doğruldan universitet” və “Ən yeni Azərbaycan ədəbiyyatı” antalogiyası kitablarını hədiyyə verib.

BSU-nun mətbuat xidməti1122 × 842