BSU-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

      

     İyunun 25-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə “Ordumuzla zəfərə doğru” adlı tədbir keçirilib.

     Dövlət himnin səslənməsi ilə başlanan tədbirdə giriş sözü ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva müstəqil dövlətçilik tariximizdə müasir Azərbaycanın böyük potensiala malik Milli Orduya sahib olmasından söz açıb. Professor N.Əliyeva bildirib ki, yaranma tarixi 100 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edən Milli Ordumuz bu gün Qafqazın ən güclü ordusu statusunu daşıyır. Rektor qeyd edib ki, Sovet işğalı nəticəsində Milli Ordu ləğv edilsə də SSRİ dövründə Azərbaycana rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ordu quruculuğunda çox mühüm addımlar atılıb. Nurlana Əliyeva deyib: “Ulu Öndərin qayğısı ilə minlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilib. 1973-cü ildə Ümummili liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb yaradıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşması tam başa çatdırıldı”. Professor Nurlana Əliyeva dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan gənclərin Milli Ordu sıralarında daim dövlətin qayğısı ilə əhatə olunduğunu, hərbi vətənpərvərlik işinin gücləndirildiyini, döyüş ruhunun yüksəldilməsinə diqqətin artırıldığını deyib. Rektor bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, Silahlı Qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələr modernləşdirilib, ən son hərbi texnologiyalarla təmin olunub. Nurlana Əliyeva son illər ölkəmizdə təşkil olunan möhtəşəm hərbi paradların Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb. Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə hər kəsi təbrik edən Nurlana Əliyeva gəncləri vətənpərvər olmağa, Azərbaycanın adını daim uca tutmağa səsləyib.

     Sonra “Ordumuz dayağımızdır” adlı videoçarxın nümayişi olub.

     Nümayişin ardından çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkədə özbaşınalığın, xaosun yaşandığı bir vaxtda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışıb, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından geniş söz açıb. Polkovnik bildirib ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. O, Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrildiyini vurğulayıb.

     Tədbirin sonunda BSU-nun hərbi xidmətə hazırlaşan məzunları tərəfindən “Biz sabahın əsgərləriyik” adlı hərbi kompozisiya təqdim olunub, pedaqoji fakültənin tələbəsi Səfiyə Mustafayevanın ifasında vətənpərvər ruhda şeir səsləndirilib.

BSU-nun mətbuat xidməti