“Soyqırım aktları təkcə ildönümlərdə deyil, hər zaman xatırlanmalıdır”

          

     Martın 14-də Ombudsman Aparatında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib.

     Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə birgə təşkil edilən konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Konfransda Ombudsman Elmira Süleymanova, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov, Milli Məclisin deputatları Elman Nəsirov və Sahibə Qafarova, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Baş prokurorun müavini Namiq Əsgərov, Ədliyyə nazirinin müavini Məhərrəm Əliyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, nazirliklərin və dövlət komitələrinin, digər dövlət qurumlarının təmsilçiləri, Tarix İnstitutunun alimləri, qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələri iştirak ediblər.

     Tədbir 31 Mart Soyqırım qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

     Tədbirdə Qarabağ müharibəsi veteranı, Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov da iştirak edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli qərarının erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirib. S.Məmmədov bu qanlı hadisələrin unudulmamasının zəruri olduğunu bildirib. 

     Sonra S.Məmmədov Qarabağ müharibəsinin canlı şahidi kimi 1988-1993-cü illərdə öz gözləri ilə gördüyü erməni cinayətləri barədə faktları dilə gətirərək deyib: “Cinayətkar erməni dəstələri XX əsrin əvvəlində törətdikləri qanlı aktları əsrin sonunda bir daha təkrar etdilər”. Alim Xocalı soyqırımının erməni vandalizminin və terrorizminin ağlagəlməz bir faktı olduğunu qeyd edib. O, bu soyqırıma hələ də dünyanın beynəlxalq terrorizm aktı kimi qiymət verməməsini ikili standartların nəticəsi kimi qiymətləndirib. S.Məmmədov sonda 31 Mart və Xocalı soyqırımlarını təkcə ildönümlərdə deyil, hər zaman xatırlanmasının vacibliyini vurğulayıb.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri,

dosent Sadir Məmmədov