BSU-da məşhur diplomat-jurnalistlərlə görüş olub

       

       Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş ABŞ parlamentinin üzvü, ABŞ-ın Market Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, politoloq, beynəlxalq jurnalist Peter Tase və uzun illər Misir Ərəb Respublikasındakı Azərbaycan səfirliyində çalışmış, məşhur diplomat-jurnalist Sameh Əbdülvəhab Məşad oktyabrın 26-da Bakı Slavyan Universitetində olublar.

    Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək Azərbaycanın  iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olması və ölkəmizdə halhazırda həyata keçirilən tikinti-quruculuq işləri barədə onlara məlumat verib. N.Əliyeva beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun günbəgün çoxaldığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq, beynəlxalq institut və təşkilatların reytinq cədvəllərində yüksək  pillələrdə yer aldığını qeyd edib.

      Rektor N.Əliyeva qonaqlara universitetin dünəni və bu günü, eləcə də gələcək planları barədə məlumat verib. O, təhsil sahəsində Ümummili Lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. N.Əliyeva BSU-nun ölkəmizin xarici siyasətində önəmli rol oynadığını diqqətə çatdıraraq bir vətəndaş, bir müəllim kimi bununla qürur duyduğunu qeyd edib. O, Bakı Slavyan Universitetinin postsovet ölkələri ilə bərabər, Şərqi Avropanın əksər ölkələri ilə də çox sıx əlaqələrə malik olduğunu vurğulayıb. Bundan əlavə rektor BSU-nun hər il dünyanın müxtəlif ali təhsil ocqaqları ilə tələbə-müəllim mübadiləsinin gerçəkləşdiyini qonaqların diqqətinə çatdırıb. N.Əliyeva tanınmış diplomat və beynəlxalq səviyyəli jurnalistlərin BSU-ya gəlişini universitetin  artan nüfuzunun göstəricisi kimi dəyərləndirib.

      Amerikalı qonaq Peter Tasse çıxış edərək Azərbaycanın yüksəlişinin sadəcə bir söz olmadığını, bunu son bir neçə il ərzində öz gözləri ilə gördüyünü deyib. "Mən neçə ildir Bakıya gəlib-gedirəm, şəhər gözümün önündə dəyişir, Bakını bu gün dünyanın ən müasir böyük şəhərləri ilə müqayisə etmək olar”. 

    Tanınmış jurnalist ölkədə işsizliyin 65 faizdən 25 faizə düşdüyünə diqqəti yönəldərək bunu ölkə prezidentinin uğurlu addımı kimi dəyərləndirib. O, dünyada iqtisadi böhranın davam etdiyi bir vəziyyətdə Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhda olması və dövlətə inamı ilə əlaqələndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan amerikalı siyasətçi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. O, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanın işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini qeyd edib. Peter Tasse indiyədək öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və gələcəkdə də bu mövqedən çıxış edəcəyini bildirib. 

      Görüşdə çıxış edən misirli diplomat və jurnalist Sameh Əbdülvəhab Məşada, uzun müddət Misirdəki Azərbaycan səfirliyində çalışdığını və daim Azərbaycana xüsusi məhəbbət bəslədiyini bildirib. Qonaq bütün yazılarında Azərbaycanın mövqeyini müdafiə etdiyini və buna görə daim ermənilərin təzyiqinə məruz qaldığını dilə gətirib. Bir erməni diplomatının vaxtilə onun haqqında böyük bir məqalə yazaraq onu Azərbaycana nökərçilikdə  ittiham etdiyini diqqətə çatdırıb. "Amma mən ona cavabımda Azərbaycanın deyil, haqqın, ədalətin yanında olduğumu bildirdim” - deyə misirli jurnalist çıxışına davam edib. Sonra Sameh Əbdülvəhab Məşad  ingilis və ərəb dilində qələmə aldığı  "Azərbaycan ensiklopediyası”, "Azərbaycan – Ermənistan konflikti” adlı kitablarını universitetə hədiyyə edib. Müəllif bu kitablarda erməni yalanlarını ifşa etdiyini, onların Azərbaycanı zorla ədalətsiz münaqişəyə çəkdiklərini diqqətə çatdırıb. O, hər bir vicdanlı adamı Azərbaycanın mövqeyini müdafiə etməyə çağırıb.     

       Daha sonra qonaqlar universitetin Beynəlxalq  münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri qarşısında çıxış ediblər. Sameh Məşad rəhbərlik etdiyi  "Orbit” informasiya şirkətinin fəaliyyəti barədə gənclərə məlumat verib. O, şirkətin ingilis və ərəb dillərində jurnallarının nəşr edildiyini, elektron versiyalara malik olduğunu bildirib. Yeri gəlmişkən, Sameh Məşad adıçəkilən şirkətin Bakı Slavyan Universiteti ilə müqavilə bağlamağa hazırlaşdığını və həmin müqavilədən sonra şirkətin materiallarını həm də rusca yayımlayacağını bildirib. BSU "Orbit”in rus variantına məsul olacaq. Sameh Məşad üzünü gənclərə tutaraq onları "Orbit”in resurslarından istifadə etməklə Azərbaycanın haqq səsini dünyaya yaymağa çağırıb.   

      Qeyd edək ki, Peter Tasse və Sameh Məşad noyabr və dekabr aylarında Bakı Slavyan Universitetinin tələbələri qarşısında silsilə mühazirələr oxuyacaqlar.

 

BSU-nun mətbuat xidməti