BSU-da “Далекая и близкая Польша” kitabının təqdimatı olub

       

     Oktyabrın 23-də Bakı Slavyan Universitetində yazıçı-publisist Rövşən Ağayevin “Далекая и близкая Польша” (“Uzaq və Yaxın Polşa”) kitabının təqdimatı olub.

     Təqdimat mərasimində universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə yanaşı, Milli Məclisin deputatı Novruz Aslanov, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, f.ü.e.d. Rafiq Əliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev və digər siyasi, ictimai xadimlər iştirak ediblər.

     Tədbiri Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq “Далекая и близкая Польша” kitabının Azərbaycanla Polşa arasındakı dostluq və qardaşlıq əlaqələrinə dəyərli bir töhfə olduğunu bildirib. Xalqlarımız arasındakı münasibətlərin tarixindən, bu günündən ətraflı danışan N.Əliyeva tanınmış publisist Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayaraq, deyib: “Sovet dönəmində biz birbaşa əlaqə saxlaya bilməsək də, Azərbaycan həmişə Polşanı öz yaxın müttəfiqi bilib. Bizim turistlər ən çox bu ölkəyə gedərdi. Nəhəng imperiyanın süqutundan sonra birbaşa əlaqələrimiz yenidən bərpa olunub. Bakı Slavyan Universitetində Polşa Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Varşavanın Torn Universitetində Azərbaycan mərkəzi gənclərə Azərbaycan dilini və ədəbiyyatını öyrədir. Bir sözlə, tarixi əlaqələr hazırki dövrdə də öz bəhrəsini verməkdədir”.

     N.Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslərin mühüm rol oynadığını da bildirib. O, bu sırada Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının adlarını çəkib. Rektor bu əsərin Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacağını xüsusi qeyd edib.

      “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, f.ü.e.d. Rafiq Əliyev Polşa-Azərbaycan münasibətlərini xristian-islam vəhdəti kimi şərh edib. O, polyakların həmişə Azərbaycana öz doğma vətənləri kimi yanaşdıqlarını xatırladıb.

      Əsər barədə təəssüratını bölüşən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov povestdə təsvir olunan hər bir hadisənin arxasında bir tarixi faktın və hər bir obrazın arxasından isə bir real tarixi şəxsiyyətin boylandığını dilə gətirib. Prorektor: “Povestin əsas personajlarından olan Elmar polyak qızı İreni böyük məhəbbətlə sevir, həyatın çətinlik və keşməkeşləri ona bu sevgini unutdura bilmir. Müəllif burada ümumləşdirmə aparıb, bu sevgi xalqlar arasındakı sevginin rəmzidir” - deyib.

     Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan-Polşa münasibətlərinin tarixini dostluq və qardaşlıq tarixi kimi dəyərləndirib. O, Azərbaycan ziyalılarının vaxtilə bu ölkəyə üz tutmasının səbəbini polşalıların “şərqlilərə” xoş münasibəti ilə əlaqələndirib. İcra başçısı çıxışının sonunda qeyd edib ki, kitabın Azərbaycan və polyak dillərinə tərcümə olunmasına tam dəstək verməyə hazırdır.

      BSU-da polyak dilini tədris edən polşalı müəllim Pavel Frents onu maraqlandıran əksər suallarn cavabını kitabda tapdığını qeyd edib. O, deyib ki, Azərbaycanda polyak dilinə göstərilən maraq, gənclərin bu dili yüksək səviyyədə mənimsəməsi mənə hər zaman maraqlı idi. Bu əsəri oxuduqdan sonra bir çox tarixi faktlarla rastlaşdım və mənə maraqlı olan sualların cavabını burada tapdım.

      Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev çıxışında kitabın əlyazma variantının ilk oxucularından biri olduğunu deyərək bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb. N.İsayev “Uzaq və Yaxın Polşa”nın XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə edən son dərəcə böyük əsər olduğunu qeyd edib.

     Tədbirdə çıxış edən millət vəkili Novruz Aslanov əsərin bədii və siyasi məziyyətlərindən söz açıb. O, əsərin çox ciddi siyasi məzmuna malik olduğunu vurğulayıb. Amma bu siyasi məqsədlərin birbaşa deyil, sənədli-bədii povestin personajlarının həyat və yaşamında, onların dialoqlarında əks olunduğunu bildirib.

      Kitabın müəllifi Rövşən Ağayev yazdığı əsərdə əsas məqsədin iki xalqın tarixən bir-birinə yaxın, doğma olmasını diqqətə çatdırmaq olduğunu qeyd edib. O, deyib: “Polşalıların Azərbaycandakı həyatı Azərbaycan xalqının, azərbaycanlıların isə  Polşadakı həyatı polyak xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir”.

     Sonra çıxış edən digər qonaqlar da müəllifin əhəmiyyətli mövzuda əsər yazdığını və gənclər üçün bu kitabın xüsusi önəm daşıdığını qeyd ediblər. 

     Qeyd edək ki, R.Ağayev 1972-ci ildən 1980-ci ilədək neft sənayesində, 1983-92-ci illərdə mətbuat orqanlarında və müxtəlif dövlət vəzifələrində çalışıb. Qırxdan çox elmi, 100-dən artıq publisistik məqalənin müəllifidir. O, 1990-cı ildə məhsuldar əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. “Zaman, hadisələr, faktlar”, “Разговор с сыном» adlı kitablarının müəllifidir.

 

                                                                                      BSU-nun mətbuat xidməti