BSU-nun dosenti Nurlana Mustafayeva Albaniyada beynəlxalq konfransda çıxış edib

25-11-2024

Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru Nurlana Mustafayeva noyabrın 25-də Albaniya Respublikasının Tirana Universitetinin Tarix və Filologiya Fakültəsi Dilçilik kafedrasının Türkiyə, Almaniya, Serbiya, İtaliya, Çexiya, Çin, Kosova, Bolqarıstan, Şimali Makedoniya və Albaniyadan olan alimlərin iştirakı ilə “Albanologiyanın auditoriyaları – Alban dili mərkəzləri və departamentləri şəbəkəsinin yaradılmasına doğru” mövzusunda keçirdiyi beynəlxalq elmi konfransda “Azərbaycan Respublikası və Albaniya Respublikası arasında əməkdaşlıqda təhsilin rolu: mövcud vəziyyət və hədəflər” mövzusunda məruzə ilə çıxış etmişdir. O, Azərbaycan və Albaniya arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini və Prezident İlham Əliyevin bu prosesdəki rolunu vurğulayaraq,  iki ölkə arasında dil mütəxəssislərinin hazırlanmasının vacibliyini qeyd edib.

Səfər zamanı Nurlana Mustafayeva Tirana Universitetinin rektoru Prof.Dr. Artan Hoxha ilə görüşərək BSU-nun Balkanşünaslıq kafedrasının fəaliyyəti və əməkdaşlıq imkanlarını müzakirə edib. Nurlana Mustafayeva Tirana Universitetinin rektoru Prof.Dr. Artan Hoxha, Tarix və Filologiya fakültəsinin dekanı Prof.Dr. Mark Marku və Albanologiya kafedrasının müdiri Prof.Dr. Dhimitri Bello ilə görüşərək Azərbaycanda ilk dəfə olaraq BSU-da qurulan Balkanşünaslıq kafedrası haqqında məlumat vermiş, kafedranın əsas hədəflərindən, universitetdə təşkil olunmuş I Balkanşünaslıq tədqiqatları beynəlxalq elmi konfransından bəhs etmişdir.

 Tirana Universitetinin rektoru Prof.dr. Artan Hoxha Azərbaycanla Albaniya əlaqələrinin günümüzdə yüksələn xəttlə inkişaf etdiyindən bəhs edərək dil, mədəniyyət, ədəbiyyat, tarix baxımından töhfələr vermək üçün Tirana Universitetinin Bakı Slavyan Universiteti ilə əlaqələrin qurulmasında maraqlı olduğunu, bundan ötrü çalışacaqlarını bildirmişdir. Vurğulamışdır ki,  Azərbaycan mədəniyyəti, tarixi Albaniyada böyük maraqla qarşılanır. O, iki universitet arasında əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.