BSU-da TGT-nin hesabat-seçki konfransı keçirilib

15-01-2025

Yanvarın 15-də Bakı Slavyan Universitetində (BSU) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib.

Açılış nitqində Qərbi Avropa Dilləri fakültəsinin dekanı, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini icra edən Nigar Babayeva tələbələrin təşəbbüskarlığını yüksək qiymətləndirən, onlara hər zaman dəstək olan BSU-nun rektoru Anar Nağıyevə təşəkkürünü bildirib və konfransın mahiyyətini eləcə də, məqsədini iştirakçıların diqqətinə çatdırıb. 

Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndəsi Bəxtiyar Quluzadə çıxışında TGT-nin səmərəli fəaliyyətindən danışaraq, tələbələrin təşkilati işlərdə fəallığını vurğulayıb. 

Hesabat məruzəsi ilə çıxış edən BSU TGT-nin keçmiş sədri Nuray Orucova təşkilatın son dövrdəki fəaliyyətlərini təqdim edib və universitet rəhbərliyinə dəstəyə görə minnətdarlığını ifadə edib.

Konfransın yekununda seçkilərin nəticəsi açıqlanıb və yeni sədr Rəsul Hüseynli iştirakçılara təqdim olunub.