Bakı Slavyan Universiteti İpək Yolu Universitetlər Alyansının üzvü oldu
17-01-2025
Bakı Slavyan Universiteti (BSU) ali təhsildə beynəlmiləlləşmə prosesinə və beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətlər nəticəsində universitet, ali təhsil sahəsində nüfuzlu beynəlxalq təşkilatlardan biri olan İpək Yolu Universitetlər Alyansına (UASR) üzv seçilib.
İpək Yolu Universitetlər Alyansı Çin Xalq Respublikasının “Bir kəmər, bir yol” təşəbbüsünün akademik aspektini təşkil edir. Alyansın əsas missiyası İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən ölkələrdə təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək və iqtisadi tərəqqini təşviq etməkdən ibarətdir.
2015-ci ildə 22 ölkədən təxminən 100 universitetin iştirakı ilə təsis edilən Alyans hazırda 5 qitədə, 37 ölkə və regiondan 150-dən çox universiteti özündə birləşdirir. Təşkilat “sülh və dostluq, açıqlıq və inklüzivlik, qarşılıqlı öyrənmə və qarşılıqlı fayda” prinsiplərinə əsaslanaraq ali təhsildə əməkdaşlıq platformalarının yaradılmasını, regional əlaqələrin möhkəmləndirilməsini və sinerjinin artırılmasını hədəfləyir.
UASR çərçivəsində istedadların hazırlanması, elmi-tədqiqatların aparılması, mədəniyyətlərin inteqrasiyası, siyasət araşdırmaları və tibbi xidmətlər kimi müxtəlif sahələrdə beynəlxalq mübadilələr və əməkdaşlıqlar təşkil edilir. Alyans, həmçinin İpək Yolu İqtisadi Kəmərinə daxil olan ölkələrin iqtisadi inkişafını stimullaşdırmaq və Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyan sahələrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədinə xidmət edir.
Bakı Slavyan Universitetinin İpək Yolu Universitetlər Alyansına üzvlüyü, universitetin beynəlxalq akademik arenadakı mövqeyini möhkəmləndirmək, tələbə və professor-müəllim heyətinin qlobal layihələrdə iştirakını təmin etmək və elmi-tədqiqat potensialını artırmaq üçün geniş imkanlar açır.
Əlamətdar haldır ki, BSU İpək Yolu Universitetlər Alyansına üzv qəbul edilən ilk Azərbaycan universitetidir.
Check icon
Error icon
Warning icon
Your experience on this site will be improved by allowing cookies.