Bakı Slavyan Universiteti məzunlarına böyük dəyər verir. Universitetimiz hər bir məzunla davamlı əlaqələrin qurulmasını əsas prioritetlərindən biri kimi görür. Bu məqsədlə məzunlarımızla sosial şəbəkələr üzərindən əlaqələr qurulmuşdur. Karyera Xidməti Şöbəsinin Facebook səhifəsində yaradılmış “Məzunlar Qrupu” yüzlərlə məzunumuzu bir araya gətirir. Bu platformada sorğular keçirilir, universitetdə baş tutan tədbirlər, təlimlər haqqında məlumatlar paylaşılır və məzunlar universitetdəki yeniliklərlə məlumatlandırılır.
2024-cü il iyun ayının 1-də BSU-da 1974-cü il məzunları ilə xüsusi bir görüş təşkil edilmişdir. Tədbirdə 40-dan çox məzun iştirak etmiş, 50 illik yubileylərini qeyd edən məzunlar bu il universitetdən məzun olan gənclərlə bir araya gəlmişdir. “Nəsillərin Görüşü” adı ilə yadda qalan bu tədbir, universitetin nəsillər arasında körpü yaratmaq missiyasının bir nümunəsidir.
Eyni zamanda, may ayında Karyera Xidməti Şöbəsi tərəfindən “Məzunlar üçün Açıq Qapı Həftəsi” elan edilmişdir. Bu müddət ərzində məzunlar universitetə gələrək pedaqoji heyətlə görüşlər keçirmiş və dərslərdə iştirak etmişdir. Bu kimi addımlar məzunlarla əlaqə sisteminin daha da gücləndirilməsinə xidmət edir.
Karyera Xidməti Şöbəsi tərəfindən təhsilalanlar üçün təşkil edilən tədbirlərdə, həm mentor, həm də spiker qismində BSU məzunlarına üstünlük verilir. Bunun əsas məqsədi məzunlarla əlaqələri inkişaf etdirmək və onlara dəstək olmaqdır.
Qeyd etmək lazımdır ki, hazırda BSU əməkdaşlarının 37%-i universitetin öz məzunlarıdır. BSU məzunları pedaqoji heyətin 42,25%-ni, inzibati heyətin isə 33%-ni təşkil edir. İnzibati heyət üzvlərindən bəziləri pedaqoji fəaliyyətlə də məşğuldur. Xüsusilə fakültələrdə fəaliyyət göstərən akademik məsləhətçilərin böyük əksəriyyəti BSU məzunudur.
Bu rəqəmlər və tədbirlər universitetimizin məzunlara göstərdiyi diqqət və onların uğurlarına verdiyi dəstəyi bir daha təsdiqləyir. BSU olaraq, hər bir məzunumuzla qürur duyuruq və onlarla əlaqələri möhkəmləndirməyə davam edirik.