Bakı Slavyan Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik universitetdir. Bakı Slavyan Universiteti ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Nazirliyin əmr və sərəncamlarını rəhbər tutur.
Universitetin fəaliyyət istiqamətləri
Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
Magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
Doktorantura təhsil səviyyəsində fəlsəfə və elmlər doktoru proqramı üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
Orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
Elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.
Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və Nizamnamə ilə müəyyən olunur.
Universitetin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi Rektor rəhbərlik edir.