16 oktyabr 2024-cü il tarixində Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda germanistikanın tarixi və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin açılışında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxışlarında konfransın əhəmiyyətini vurğulayaraq, Azərbaycanda alman irsinin dövlət tərəfindən qorunduğu, alman dili və tədqiqatlarının mövcud vəziyyəti, həmçinin germanistikanın inkişaf perspektivləri haqqında geniş məlumat veriblər.
Konfrans Türk-Alman Universitetinin rektoru professor Cemal Yıldız , eləcə də tanınmış alim professor Ziqlinda Hartmannın moderatorluğu ilə iki paneldə keçirilməklə təqdimatlar və müzakitərlərlə davam edib. Hər iki paneldə BSU nun əməkdaşları ilə yanaşı, professor Eva Maria Aux, professor Leyla Coşan, professor Hess Lütix və digər nüfuzlu alimlər maraqlı məruzələrlə çıxış ediblər. Berlinin yerli icmasının nümayəndələri Azərbaycanda alman irsi, germanistikanın inkişafı və orta məktəblərdə alman dilinin öyrənilməsi kimi məlumatları maraqla qarşılayaraq sual cavab hissəsində aktiv iştirak ediblər.
Almaniyaya səfər çərçivəsində BSU-nun nümayəndə heyətinin Humboldt, Goethe Universitetinə, həmçinin Berlində fəaliyyət göstərən orta məktəblərdən biri ilə görüş və Frankfurt Kitab Sərgisində nəşriyyat nümayəndələri ilə əlaqələrin qurulması planlaşdırılır.
Səfər Bakı Slavyan Universitetinin Almaniya universitetləri ilə əməkdaşlıqlarının və beynəlmillələşməsinin genişləndirilməsi məqsədini daşıyır.