BSU-da “2024-cü il yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sosial elmlərdə inklüzivlik və dayanıqlı inkişaf məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

24-12-2024

BSU-da beynəlxalq elmi konfrans keçirilib 24 dekabr 2024-cü il tarixində Bakı Slavyan Universitetinin Kitabxana-Resurs İnformasiya Kompleksində “2024-cü il yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sosial elmlərdə inklüzivlik və dayanıqlı inkişaf məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib 

Konfransın açılışında BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, təhsil proqramlarının səriştəəsaslı qurulması, rəqəmsal modulların tətbiqi, beynəlmiləlləşmə, yeni ixtisasların yaradılması, tələbə sayının artması və şəffaf qiymətləndirmə diqqət mərkəzindədir. Elmi tədqiqatların stimullaşdırılması, beynəlxalq nəşrlər və konfransların təşkili, yeni laboratoriyaların yaradılması, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi universitetin prioritetlərindəndir. BSU inklüziv təhsil sahəsində də ölkənin lider ali təhsil müəssisələrindən biri olaraq, müasir təlim proqramları və regional əməkdaşlıq platformaları yaradır. Daha sonra SDU-nun rektoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Türkiyə Ali Təhsil Şurasının sədr müavini Prof. Haşim Koç çıxış ediblər.

Konfransda iki əsas mövzu müzakirə olunub:  “Müəllim hazırlığında inklüzivliyin təmin olunması yolları” mövzusunu BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Prof. Piralı Əliyevin rəhbərliyi ilə Prof. Yücel Gelişli (Qazi Universiteti), Dr. Ülkər Babayeva (Azərbaycan İdman Akademiyası), Lamiə Hacımuradova “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsil üzrə təlimçisi və digər ekspertlər müzakirə ediblər. 

“Beynəlxalq universitet reytinqlərində dayanıqlı inkişaf məsələləri” ətrafında müzakirələrdə Bakı Mühəndislik Universitetinin nümayəndəsi Dr. Sevil İmanova moderatorluq edib. Spikerlər arasında Könül Abbaslı (SDU), Ülviyyə Məmmədova (BSU) və Dr. Aliyə Aldunqarova (Şərqi Qazaxıstan Texniki Universiteti) yer alıb.

Konfrans inklüziv təhsilin inkişafı və dayanıqlı inkişaf mövzularında beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından mühüm əhəmiyyətə malikdir.