Bakı Slavyan Universitetinin tarixi

24-11-2024

BSU-nun əsası 1946-cı ildə qoyulmuşdur. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M.F.Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. Birinci tədris ilində instituta 108 tələbə qəbul olunmuşdur. İnstitut həmin il öz fəaliyyətinə ştat cədvəli üzrə çalışan 28 əməkdaşla başladı.1948-ci ilin 30 iyul tarixində Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu.

1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi. 1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi. 1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Həmin sənədə əsasən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.

1972-ci ildə Azərbaycana rəhbərlik edən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və respublika Nazirlər Sovetinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (APRDƏİ) yaradıldı. 

1994-cü ildə beynəlxalq standartlara uyğun olaraq, institutda bakalavr hazırlığı üzrə dördillik tədris planına uyğun olaraq tədris prosesi təşkil olundu, 1997-ci ildən isə magistratura pilləsində kadr hazırlığına başladı.

1996-cı ildən institutda az sayda, kiçik qruplar şəklində tərcüməçi, çex, polyak və bolqar dilləri üzrə mütəxəssislər hazırlanmağa başlanıldı. Lakin 2000-ci ilə qədər burada əsasən yalnız iki ixtisas — Azərbaycan və rus dilli orta məktəblər üçün rus dili və ədəbiyyatı müəllimləri hazırlanırdı. 

2000-ci il universitetin həyatında  əlamətdar bir hadisə ilə yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazası genişləndirilməklə Bakı Slavyan Universiteti yaradıldı. Bundan sonra BSU Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən qabaqcıl ali məktəblərdən birinə çevrildi. Təhsil ocağında geniş islahatlar proqramı hazırlanıb həyata keçirildi, universitetin tədris, təlim-tərbiyə, maddi-texniki bazası əsaslı şəkildə yeniləndirildi.

Müstəqil Azərbaycanın dünya birliyi ölkələri ilə, o c ümlədən , Şərqi Avropa dövlətləri ilə daim genişlənən əlaqələri bu ölkələrin yalnız dil və ədəbiyyatını deyil həmçinin iqtisadiyyatını coğrafiyasını , ictimai-siyasi sistemini və mədəniyyətini dərindən bilən yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi tələbatını şərtləndirmişdir. Bu vəzifənin yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə ali məktəbin köklü şəkildə yenidən qurulması həyata keçirilmişdir. Faktiki olaraq daha yüksək statusa və tələbələrin daha geniş ixtisaslaşmasını təmin etmə qabiliyyətinə malik yeni tədris ocağı yaradıldı. Qısa bir müddət ərzində BSU yüksək hazırlıqlı mütəxəssislərə, peşəkar kadrlara, tədris və elmi potensiala, müasir infrastruktura malik çoxşahəli tədris müəssisəsinə çevrildi.  Bu gün artıq Bakı Slavyan Universiteti unikal təhsil və mədəniyyət mərkəzi kimi  nəinki slavyan xalqlarının  dillərini və mədəniyyətlərini tədqiq edir , həmçinin Qərbi Avropa , Balkan regionu, Mərkəzi Asiya ölkələri və Xəzəryanı ölkələrinin dillərini,mədəniyyətlərini,tarixini coğrafiyasını və siyasi sistemlərini dərindən öyrənir.Burada slavyan , türk, roman-german dilləri və ədəbiyyatı regionşünaslıq ixtisasları , beynəlxalq münasibətlər və təhsil ixtisasları üzrə ciddi tədqiqatlar həyata keçirilir , təkcə respublikamız üçün deyil həm də xarici ölkələr üçün yüksək səviyyəli mütəxəssislər hazırlanır.

 

Son dövrlərdə universitetdə baş vermiş struktur dəyişiklikləri onun bütün fəaliyyət sahələrini əhatə etmişdir. BSU-da yaradılan “Yüksək təhsil mərkəzi” və “Rəqəmsallaşma və keyfiyyət təminatı mərkəzi” tədris keyfiyyətinin təmin olunmasında və universitetdə aparılan elmi araşdırmaların tədrisdə tətbiq olunmasına xidmət edir.

Filologiya fakültəsi Azərbaycan, rus, ingilis, alman, fransız dilləri üzrə kadr hazırlığı həyata keçirir.

Təhsil fakültəsində respublikanın orta ümumtəhsil məktəbləri  üçün ibtidai sinif müəllimi, təhsildə sosial-psixoloji xidmət üzrə mütəxəssis hazırlığı aparılır.

Sosial elmlər fakültəsində beynəlxalq münasibətlər və jurnalistika üzrə geniş profilli kadr hazırlığı aparılır.

Xarici dil müəllimliyi fakültəsində respublikanın orta ümumtəhsil məktəbləri üçün Azərbaycan, rus, ingilis, alman, fransız dilləri  üzrə yüksək səviyyəli müəllim kadrları yetişdirilir.

Qərbi Avropa dilləri fakültəsində qərb ölkələri dilləri üzrə tərcüməçi və həmin regionlar üzrə “Regionşünaslıq” ixtisasları istiqamətində mütəxəssislər hazırlanır.

Şərqi Avropa dilləri fakültəsində slavyan dilləri üzrə tərcüməçi kadrları, həmçinin balkanşünaslıq və Şərqi Avropa regionu üzrə kadr hazırlığını həyata keçirir.

Universitetin magistratura şöbəsində “Dilşünaslıq”, ”Filologiya”, “Regionşünaslıq”, “Beynəlxalq münasibətlər”, “Menecment”, “Təhsil” istiqamətlərində  müxtəlif ixtisaslaşmalar üzrə magistr hazırlığı həyata keçirilir.

Bu gün Bakı Slavyan Universitetində 20 kafedra fəaliyyət göstərir. Universitetin professor-müəllim heyətinə 40-a yaxın elmlər doktoru, professor,  200-ə qədər elmlər namizədi dosent, 250-dən yuxarı baş müəllim və müəllim daxildir. 

Univdersitetdə “BSU-nun elmi əsərləri” və “Azərbaycanda rus dili və ədəbiyyatı” elmi-metodik jurnalında professor-müəllim heyəti, doktorant, magistrant və gənc tədqiqatçıların elmi araşdırmalarının nəticələri dərc olunur. 

BSU-da “Slavyan dilləri”, “Dünya ədəbiyyatı”, “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurası fəaliyyət göstərir.

Universitetdə hər il Ulu öndər Heydər Əliyevin anadan olmasına həsr onunmuş “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda ənənəvi beynəlxalq elmi-praktik konfrans keçirilir. Bundan əlavə, BSU-da son illərdə təşkil olunan “İnklüziv təhsildən inklüziv cəmiyyətə” və “Beynəlxalq Balkanşünaslıq tədqiqatları” adlı konfranslar da artıq ənənəyə çevrilərək, respublikamızda fəaliyyət göstərən tədqiqatçılarnan yanaşı, xarici ölkə alimlərinin də böyük diqqət və marağına səbəb olur. 

BSU-da elmin müasir tələblərinə cavab verən yeni dərsliklər, dərs və tədris vəsaitləri, lüğətlər, məlumat kitabçaları, tədris proqrqmları və metodik tövsiyyələrin hazırlanmasına xüsusi diqqət yetirilir. 

2000-ci ildə Bakı Slavyan Universitetində “Fəxri doktor” adı təsis olunmuşdur. Ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elm, təhsil və mədəniyyətin inkişaf etdirilməsi işində xüsusi xidmətləri olan bir sıra dövlət başçıları və ictimai-siyasi xadimlər universitet Elmi şurasının qərarına əsasən bu fəxri ada layiq görülmüşlər.