Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi

14-11-2024

  Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi müstəqil Azərbaycanda fəaliyyətə başlamış ilk yeni tipli orta təhsil müəssisələrindən biridir. 2000-ci ildə M.FAxundov adına APRDƏİ-nin bazasında Bakı Slavyan Universiteti (BSU) yaradıldıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyində BSU Humanitar Lisey statusunda yenidən qeydiyyatdan keçirilmişdir. 19 avqust 2010-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin 1175 №-li əmrinə görə Bakı şəhər 15 nömrəli məktəb ona birləşdirilməklə Məktəb-Lisey Kompleksi adlandırılmışdır.

 

 

       Kompleks istedadlı və qabiliyyətli uşaqlara Universitetin professor-müəllim heyətinin təhsil xidmətlərini təklif edən, ali və orta təhsilin koordinasiyası işinə xidmət göstərən, məktəbəqədər, ibtidai, ümumi və tam orta təhsil pillələrini əhatə edən tam orta təhsil müəssisəsidir. Kompleksdə Azərbaycan, ingilis, rus, alman, fransız dilləri tədris olunur. Müqavilə əsasında dil daşıyıcıları olan xarici mütəxəssislər də tədrisə cəlb olunur. Kompleksdə tam orta təhsilin bütün pillələri üzrə günüuzadılmış qruplar, dərsanə və tədris kursları fəaliyyət göstərir, əlavə təhsil xidmətlərinə yer verilir. Məktəb-Lisey Kompleksində Azərbaycan dili və ədəbiyyat, fizika, riyaziyyat, tarix, coğrafiya, xarici dillər, kimya, biologiya, informatika kabinetləri, Debat və innovasiya mərkəzi, bütün fənlər üzrə metodbirləşmələr fəaliyyət göstərir. Kompleksin aparıcı müəllimləri fənn metodbirləşmələrinə rəhbərlik edirlər.

       2013-cü ildə BSU nəzdində Məktəb-lisey kompleksi Prezident sərəncamı ilə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüş, 2013/2014-cü tədris ilinin başlanğıcında 13 avqust tarixdə əsaslı təmirdən sonra ölkə Prezidenti İlham Əliyev kompleksin tədris korpusunun açılışında iştirak etmişdir.

      Kompleksin perspektivli müəllimləri Bakı Slavyan Universiteti, Təhsil Problemləri İnstitutu və Bakı Dövlət Universitetinin dissertantura və doktoranturasına cəlb olunublar. Fənn müəllimlərinin və istedadlı şagirdlərin respublika və beynəlxalq əhəmiyyətli elmi konfranslarda, elmi məcmuə və jurnallarda iştirakı rəğbətləndirilir; fənn müəllimlər xaricdə ixtisasartırma kurslarına cəlb olunurlar.