“Azərbaycanşünaslıq və Slavyan tədqiqatları” elmi-tədqiqat laboratoriyası Bakı Slavyan Universiteti rektorunun 22 noyabr 2022-ci il tarixli 565/1 saylı əmrinə əsasən struktur dəyişiklik edilərək təsis edilmişdir.
Heydər Əliyev dühasının parlaq təzahürlərindən biri kimi 2000-ci ildə yaradılmış Bakı Slavyan Universitetinin bugünkü fəaliyyəti Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi daxili və xarici siyasəti ilə üzvi şəkildə bağlıdır.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikasının əsas ideoloji platforması kimi Azərbaycançılıq məfkurəsini irəli sürdü.
Azərbaycançılıq və Azərbaycanşünaslıq ideologiyası xalqımızın tarixi keçmişini, mədəniyyətini, adət-ənənələrini, bölgələrin tarixi-coğrafiyası, ədəbiyyatını, incəsənətini, dilini, hüquqlarını, fəlsəfəsini və ideologiyasının hərtərəfli öyrənilməsini və təbliğini nəzərdə tutur. Eyni zamanda təşəkkül tapmış mənəvi-mədəni sərvətlərimizin yaşadılması, yeni milli dəyərlərimizin inkişaf etdirilməsi müasir həyatımızın aktual məsələlərindən biri olmaqla, Azərbaycanşünaslığın əsas qayəsini və başlıca istiqamətini müəyyənləşdirir.
BSU-da fəaliyyət göstərən Azərbaycanşünaslıq və slavyan tədqiqatları ETL-i universitetin struktur bölməsi kimi məhz yuxarıda göstərilən bu tarixi zərurətdən yaranmışdır.
Laboratoriyanın əsas məqsədi onların profilləri üzrə BSU-da kadr hazırlığı, tələbə və əməkdaşların müvafiq ölkələr və istiqamətlər üzrə elmi maraqlarının təmin edilməsi, BSU tərəfindən Azərbaycançılıq ideyalarının təbliği məqsədilə slavyan ölkələrinin aparıcı ali məktəblərində yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyətini tənzimləmək, onlara zəruri elmi-metodik dəstək göstərməklə, universitetin beynəlxalq əlaqələrinin genişlənməsi və dərinləşməsi işinə yardımçı olmaqdır.