Azərbaycanda təhsil

18-11-2024

image-107
 

Azərbaycanda ali təhsil sistemi üç əsas pillədən ibarətdir: bakalavriat, magistratura və doktorantura. Bu sistem, Boloniya prosesinə uyğun olaraq Avropa təhsil məkanına inteqrasiya çərçivəsində qurulub.

 Bakalavriat

Bakalavriat ali təhsilin ilk pilləsi hesab olunur və tələbələrə təməl ixtisas bilikləri qazandırılır. Əksər ixtisaslarda təhsil müddəti 4 ildir. Texniki və bəzi xüsusi sahələrdə bu müddət 5 il ola bilər. Qeyd edək ki, tələbələr ümumi təhsil və ixtisas fənləri üzrə biliklər əldə edirlər. Praktiki təcrübə də tədris proqramına daxildir.

Qəbul prosesi  Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanları vasitəsilə həyata keçirilir. Dövlət və özəl universitetlərdə təhsil almaq mümkündür. Bakalavr təhsilini bitirənlərə "bakalavr" dərəcəsi və müvafiq diplom verilir.

Əcnəbi tələbələrin təhsil müəssisələrinə qəbulu aşağıdakı xətlərlə həyata keçirilir: DİM vasitəsilə, Qeydi-dövlət xətti ilə (müqavilə ilə), Hökumətlərarası sazişlər (HTP) və TQP-QH (Qoşulmama Hərəkatı) çərçivəsində və daxili kvota vasitəsilə. (daha ətraflı)

 

 Magistratura

Magistratura ixtisaslaşmış təhsil səviyyəsi olaraq bakalavriatın davamıdır və daha dərin bilik və tədqiqat bacarıqları əldə etməyə yönəlib.  DİM tərəfindən magistratura üzrə qəbul imtahanları keçirilir. Magistratura təhsilinin müddəti adətən 2 ildir.

Magistratura müddətində  tələbələr öz ixtisas sahələrində dərin biliklər əldə edir və tədqiqat işləri aparırlar. Bu mərhələdə təhsil tədqiqat dissertasiyasının müdafiəsi ilə tamamlanır. Sonda məzunlara "magistr" dərəcəsi verilir.

Doktorantura

Doktorantura ali təhsilin ən yüksək səviyyəsidir və elmi-tədqiqat sahəsində müstəqil fəaliyyət üçün nəzərdə tutulub. Müddəti 3-4 il (əyani) və 4-5 il (qiyabi).

 Doktorantura tədqiqat işlərinin aparılması, dissertasiya yazılması və elmi məqalələrin dərc edilməsi üzərində qurulur.

Doktoranturaya qəbul prosesi Dövlət ali təhsil müəssisələrinin qəbul qaydalarına uyğun olaraq müsahibə və sınaqlardan ibarətdir.

 Dissertasiyanın müdafiəsindən sonra məzunlara "fəlsəfə doktoru" və ya daha yüksək səviyyədə "elmlər doktoru" elmi dərəcəsi verilir.

 

Ali Təhsilin Əsas Xüsusiyyətləri

1. Boloniya Prosesi: Azərbaycan ali təhsili Avropa təhsil sisteminə inteqrasiya edib. Diplomlar beynəlxalq səviyyədə tanınır.

2. Kredit Sistemi: ECTS kredit sistemi tətbiq olunur. Hər pillədə tələbələr müəyyən kredit toplamalıdırlar.

3. Müasir İslahatlar: Elektron təhsil sistemlərinin tətbiqi, xarici universitetlərlə əməkdaşlıq və müasir tədqiqat laboratoriyalarının yaradılması həyata keçirilir.

4. Xaricdə Təhsil: Dövlət Proqramı çərçivəsində tələbələr xarici ölkələrdə bakalavr, magistratura və doktorantura təhsili ala bilirlər.

Azərbaycan ali təhsil sistemi tələbələrə yüksək ixtisaslı mütəxəssis kimi formalaşmaq üçün geniş imkanlar yaradır.