Aleksey Spiridonoviç Loginov

     İnstitutun birinci rektoru, xalq təhsilinin görkəmli nümayəndələrindən biri, Respublikanın əməkdar müəllimi Aleksey Spiridonoviç Loginov olmuşdur. A.S.Loginov şəxsən institutun fəaliyyəti üçün tədris, elmi və metodiki göstərişlər hazırlamış, məhz onun rəhbərliyi ilə metodiki cəhətdən əsaslandırılmış tədris planları və bu planlar əsasında rus dili və ədəbiyyat fənlərindən ilk proqramlar tərtib olunmuşdur.

     1952-ci ildə Müəllimlər İnstitutu bazasında Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstiututu yaradılmış və bu İnstituta A.S.Loginov rəhbərlik etmişdir. Respublikamızda rus dili və ədəbiyyatı müəllimlərinin hazırlanmasında A.S.Loginovun çox böyük rolu olmuşdur. O, uzun müddət məktəb direktoru, ali məktəb müəllimi, Təhsil Nazirliyinin ali məktəb və pedaqoji məktəblər idarəsinin rəisi, Azərbaycan SSR Təhsil Nazirinin müavini vəzifələrində çalışmışdır.

     A.S.Loginov 1918-ci ildə Həştərxan Dövlət Universitetinin Tarixfilologiya fakultəsini bitirmişdir. N.Nərimanov Həştərxan şəhərində xalq təhsili guberniya şöbəsinin müdiri olan zaman A.S.Loginov vahid əmək məktəbinin müdiri işləmiş və şöbənin kolleqiya üzvü olmuşdur. A.S.Loginovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ona Əməkdar müəllim Fəxri adı verilmiş, o, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur. Bakı şəhərinin 8 saylı tam orta məktəbi A.S.Loginovun adını daşıyır.