Abdullayev Kamal Mehdi oğlu

K.M.Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas,ədəbiyyatşünas, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, «Türkologiya»
jurnalının baş redaktorudur. 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1968-
ci ildə Bakıda 190 saylı tam orta məktəbi bitirib.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun «Türk dilləri» şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada «Sintaktik paralelizm» («Kitabi-Dədə Qorqud» dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1984-cü ildə Bakıda «Azərbaycan dili sintaksisinin nəzəri problemləri» adlı doktorluq
dissertasiyası müdafiə etmişdir.
Dilçiliyə dair «Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri» (Bakı, Elm, 1983), «Azərbaycan dili sintaksisinin nəzəri problemləri» (Bakı, Maarif, 1999), «Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər», «Azərbaycanda rus dili», «Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik», «Azərbaycanca danışaq» (Paris, 2008 və Buxarest, 2010) kimi elmi əsərlərin müəllifidir.
Ədəbiyyatşünaslıq və ədəbi tənqidə dair «Müəllif – əsər – oxucu» (Bakı, Yazıçı, 1985), «Əvvəl-axır yazılanlar» (Bakı, Yazıçı 1990), «Yolun əvvəli və axırı» (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993), «300 azərbaycanlı» (Bakı, Mütərcim, 2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.
Qorqudşünaslığa dair «Gizli Dədə Qorqud» (1991), «Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud–2» (Bakı, Elm, 1999), «Mifdən Yazıya – Gizli Dədə Qorqud» adlı kitablar yazıb nəşr etdirmişdir.

«Лекции в Бакинском славянском университете» (Баку, Мутарджим, 2003) («Bakı Slavyan Universitetində mühazirələr») adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib. «Русский язык в Азербайджане» (Баку, Мутарджим, 2005) («Rus dili Azərbaycanda») adlı kitabı (prof. İ.Həmidovla birlikdə) rus dilinin Azərbaycanda işlənmə tarixindən, müasir vəziyyətindən, perspektivlərindən bəhs edir. 200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiyanın müəllifidir.

Bədii yaradıcılıqla məşğul olur – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Kamal Abdulla «Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi», «Unutmağa kimsə yox...» romanlarının, şeirlər, hekayələr toplularının müəllifidir. Onun Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunmuşdur: «Unutmağa kimsə yox» (Bakı, Azərnəşr, 1995), «Ruh» (Bakı, Azərnəşr, 1997), «Casus» (Bakı, Mütərcim, 2004), «Ruh» (Ankara), «Все мои печали»(Ваку, Мутарджим, 2009) və s.

O, «Gümüş dövrün sirləri» tərcümələr toplusunun müəllifidir (Bakı, Mütərcim, 2001). «Unutmağa kimsə yox» (Bakı, Azərnəşr, 1995) adlı pyeslər kitabında 5 pyesi toplanıb. «Ruh» (Bakı, Azərnəşr, 1997), «Все мои печали» (Баку, Мутарджим-2009) pyeslər kitabında 7 pyesi çap olunub. Kitab Türkiyədə də «Ruh» adı ilə nəşr edilmişdir (Ankara, Basınevi, 2006). «Qəribədi, deyilmi?!» (Bakı, BDU-nun mətbəəsi, 1998) kitabında şeirlərinin bir qismi cəmlənib. «Gümüş dövrün sirləri» (Bakı, Mütərcim, 2001) adlı kitabında ruspoeziyasının gümüş dövr şairlərindən seçmə tərcümələri toplanıb. «Kədərli seçmələr» (Bakı, Mütərcim, 2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri verilib. Bir sıra nüfuzlu xarici cəmiyyətlərin üzvüdür. 20-dək xarici dilə çevrilmiş məşhur romanına görə çoxlu xarici ədəbi mükafatlara layiq görülmüşdür. 1977–1984-cü illərdə Nəsimi adına Dilçilik İnstitutunda işləmiş, 1984–1987-ci illərdə Azərbaycan Xarici Dillər İnstitutunda, 1990–1993-cü illərdə M.F.Axundov APRDƏİ-də kafedra müdiri vəzifələrində çalışmışdır. 1993-2000-ci illərdə Dillər İnstitutunda Ümumi və Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmişdir. 1994–1995-ci illərdə Türkiyənin Uludağ Universitetində professor vəzifəsində işləmişdir. 2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin Sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilmişdir. 2014-cü ilin fevral ayının 28-nə kimi bu vəzifədə çalışmışdır. Onun rektorluğu dövründə universitetdə yeni ixtisaslar, fakültələr, kafedralar, elmi laboratoriyalar və tədris-mədəniyyət mərkəzləri açılmış, universitetin beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənmiş, filoogiya, türkologiya, tərcümə problemləri, azərbaycanşünaslığın aktual məsələləri üzrə silsilə nəşrlər həyata keçirilmişdir.