Tağıyev Məmməd Tağı oglu

Əsərləri beynəlxalq nüfuz qazanmış görkəmli alim-ensiklopedist, Azərbaycan rusistikasının banisi, leksikologiya, leksikoqrafiya, fonetika, frazeologiya, sintaksis, rus dilinin tədrisi metodikası, mətnin linqvistikası – nəzəri və tətbiqi rusistikasının inkişafı məhz prof. M.T.Tağıyevin adı ilə bağlıdır. Bu sahələrdə professor M.T.Tağıyev təkrarolunmaz iz qoymuşdur. Görkəmli rusistlər akademik V.V.Vinoqradov və H.Y.Şvedovanın şagirdi olmuş M.T.Tağıyev adi laborantdan M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru vəzifəsinə kimi yüksəlmiş, institutun təşəkkül tapmasında, Azərbaycanda rus dilçiliyinin inkişafında əvəzolunmaz rol oynamışdır. Namizədlik dissertasiyasını 1954-cü ildə, doktorluq dissertasiyasını 1967-ci ildə müdafiə etmişdir. 1968-ci ildən professor,1970–1972-ci illərdə rektor olmuşdur. 40 ildən çox elmi-pedaqoji fəaliyyətində (1954–1994) 120-dən artıq elmi iş nəşr etdirmiş, o cümlədən, «Qısa rusca-azərbaycanca frazeoloji lüğət» (1964), «Müasir rus dilinin feili frazeologiyası» (1996), «Rusca-azərbaycanca frazeoloji lüğət» (1974), «Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr» (1983), «Millətlərarası
ünsiyyət vasitəsi kimi rus dilinin öyrənilməsinin lingvistik əsasları» (1986), «Rus dili» (Azərbaycan məktəblərinin IX sinifləri üçün dərslik), «Rus dili» (Azərbaycan məktəblərinin X sinif üçün dərslik), «Rus dili» (Azərbaycan məktəblərinin XI sinif üçün dərslik) kimi kitabların müəllifi olmuşdur. Professor M.T.Tağıyev institutda «Lüğət mərkəzi»nin əsasını qoymuş və rəhbəri olmuş, mərkəz Azərbaycanca-rusca lüğət üzərində işləmişdir. Hal-hazırda lüğətin bütün IV cildi nəşr olunmuşdur. M.T.Tağıyev Azərbaycanda frazeologiya məktəbi yaratmışdır. Onun rəhbərliyi ilə 20 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunmuşdur (F.H.Hüseynov, T.Şükürbəyli, A.Məmmədli). 20 ildən artıq «Vinoqradov oxuları»na rəhbərlik etmişdir.
İki onillik ərzində (1970–1980) Azərbaycan məktəbləri professor M.T.Tağıyevin hazırladığı proqramlar və bu proqramlar əsasında hazırlanmış dərsliklərlə işləmişdir.