JURNALİSTİKA KAFEDRASI

   

     Bakı Slavyan Universitetində Jurnalistika bir ixtisas kimi 2005-2006-cı tədris ilində Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının nəzdində təsis edilmişdir.
           2009-cu ildə həmin fakültədə Jurnalistika şöbəsi, 2010-cu ildə isə onun bazasında Jurnalistika kafedrası yaradılmışdır.
2009-cu ildə Avropa Şurası «Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək» layihəsinin icrasına başlamış və Bakı Slavyan Universitetini benefisiar seçmişdir. Layihə əsasında «Yeni media» və «Fotojurnalistika» laboratoriyaları yaradılmış,
    Azərbaycanda jurnalistika təhsili sahəsində ilk olaraq «Fotojurnalistika» fənni üzrə tədris bazası yaradılmışdır. Yeni kompüterlər, fotoaparatlar, videokameralar və s. ilə təchiz edilmiş laboratoriyalarda tələbələr informasiya-kommunikasiya texologiyalarından KİV-də effektiv istifadə, fotojurnalistika sənətinin sirlərinə yiyələnmək imkanlarını xeyli genişləndirmişdirlər. Bunlarla yanaşı layihə çərçivəsində beş istiqamət üzrə – «Kommunikasiyaya giriş», «Televiziya jurnalistikası», «Radio jurnalistikası», «Yeni media», «Fotojurnalistika» dərslikləri üçün materiallar hazırlanmışdır.
     2011-ci ildə Azərbaycan filologiyası və jurnalistika fakültəsi fəaliyyətə başlamış, «Jurnalistikanın nəzəriyəsi və təcrübəsi» və «Yeni media və kommunikasiya texnologiyaları» kafedraları yaradılmışdır. 2016-cı ilin fevralında universitetdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar kafedralar birləşdirilmiş və Jurnalistika kafedrası yaradılmışdır.
     «Araşdırma jurnalistikası», «Jurnalistika və ictimaiyyətlə əlaqələr», «Yeni media», «Sosial jurnalistika», «Fotojurnalistika» sahələri üzrə elmi bazanın genişləndirməsinə xüsusi önəm verilir. Dərslik və dərs vəsaitlərinin, fənn proqramlarının hazırlanması işini davam edərək, professor-müəllim heyəti Azərbaycan jurnalistikası tarixi, RTV jurnalistikasının əsasları, televiziya jurnalistikası, televiziya tənqidi, aparıcı sənətinin əsasları, telexəbərdə etika, tok-şou proqramların təşkili, radiojurnalistika, informasiya müharibələri, nitq mədəniyyəti, KİV-in texnika və texnologiyası, KİV-də marketinq və reklam, idman jurnalistikası, dil və üslub, ədəbi redaktə, xarici ölkələrin jurnalistika tarixi üzrə fənləri tədris edilir.