BSU-da "Məktubların işığı" sərgisinin açılışı keçirilib

Mayın 23-də Bakı Slavyan Universitetində (BSU) Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə 24 May - “Müqəddəs Kiril və Mefodi qardaşları, bolqar əlifbası, təhsil və mədəniyyət, slavyan ədəbiyyatı günü”nə həsr olunmuş "Məktubların işığı" sərgisinin açılışı keçirilib.

Sərginin açılışında Bolqarıstan Respublikasının Azərbaycandakı səfiri Ruslan Stoyanov, BSU-nun rektoru  Anar Nağıyev, universitetin professor-müəllim heyəti və tələbələri, Bolqarıstan səfirliyinin əməkdaşları və Bolqarıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

BSU-nun rektoru Anar Nağıyev tədbiri açaraq, səfiri və qonaqları universitetdə salamlamaqdan məmnun olduğunu deyib. Xüsusilə bu tədbirin gerçəkləşməsinə görə Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov və komandasına təşəkkür edib.

Rektor Anar Nağıyev 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə  BSU-nun yaradıldığını və həmin gündən etibarən Slavyan xalqlarının mədəniyyəti, dili və tarixinin öyrənildiyini qeyd edib. Hazırda 5 fakültədə 30 ixtisas üzrə aparılan tədris prosesinin universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti nəticəsində daha da səmərəli olduğunu bildirib. Bu mərkəzlər sırasında 2004 -cü ildə Bolqarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə açılmış Bolqar tədris -mədəniyyət mərkəzinin xüsusi rolu olduğunu qeyd edib. Anar Nağıyev mərkəzin əsas vəzifəsinin iki ölkə arasındakı əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək olduğunu, bu əlaqələrə universitetlər səviyyəsində öz töhfəsini verdiyini vurğulayıb. Hazırda 2 ixtisasda 30-a yaxın tələbənin bolqar dilini öyrəndiyini diqqətə çatdırıb.

Rektor Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd edildiyini bildirərək, xalqımızın dahi oğlu, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması, elm, mədəniyyət və tarixinin qorunması və inkişafı sahəsindəki tarixi əhəmiyyətli fəaliyyətini vurğulayıb. Hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan dilinin dövlət dili kimi konstitusiyaya daxil edilməsinin, kənd və rayon yerlərində təhsil ocaqlarının sayının artırılmasının onun zəngin irsinin tərkib hissəsini təşkil etdiyini bildirib. Məhz 70-80-ci illərdə həyata keçirilən islahatların, gənclərin xaricdə təhsil almasının gələcək üçün atılan uğurlu addımlar olduğunu bildirib.  Rektor xaricdə təhsil almış həmin gənclərin hazırda həm də BSU-da fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xaricdə təhsil üzrə dövlət proqramları vasitəsilə minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil aldığını deyib. O, bu gün Azərbaycanın sürətlə inkişaf edən, beynəlxalq  səviyyədə mühüm layihələrin  etibarlı tərəfdaşı kimi tanındığını deyib. Rektor bildirib ki, İlham Əliyevin rəhbərliyi altında bizim şanlı zəfər tariximiz yazılmış, uğurlarımız davamlı xarakter almışdır. Öz ərazi bütövlüyünü təmin  etmiş ölkə olaraq  Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində mühüm rol oynayır. O, bu istiqamətdə ölkəmizin Bolqarıstan Respublikası ilə yüksək münasibətlərini qeyd edib. İki ölkə arasında təhsil və mədəni əlaqələrin genişlənməsində elm və təhsil sahəsində çalışan insanların öz töhfələrini verməklə yanaşı, xalqlarımızın yaratdığı bəşəri dəyərlər hesab edilən tarixi və mədəni irsin qorunması və yaşadılması istiqamətində fəaliyyət göstərməli olduğunu da deyib. Şuşa şəhəri  ilə qardaşlaşmış Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun  həyata keçirdiyi layihələrin bu missiyanın bariz nümunəsi olduğunu qeyd edib. Rektor öz çıxışında  mayın əvvəlində BSU-da  keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri”(tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfransa Bolqarıstandan olan tədqiqatçıların marağını qeyd edib, eləcə də Bolqarıstan tədris-mədəniyyət mərkəzi, Sofiyadakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin də bu missiyanın həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. 2023-ci ilin aprel ayında BSU nümayəndə heyətinin Bolqarıstana səfəri çərçivəsində Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində səmərəli görüşlərin keçirildiyini bildirib. Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illik yubileyi münasibəti ilə təşkil olunmuş “Azərbaycan bolqar uşaqlarının gözü ilə” uşaq rəsmləri sərgisində BSU nümayəndə heyətinin iştirakını xatırladıb. O, universitetlərarası əməkdaşlığın, tələbə-müəllim mübadiləsinin genişlənəcəyinə əminliyini ifadə edib.

Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov çıxışında rektor Anar Nağıyevin simasında  bu mühüm tədbirin, eləcə də bir sıra tədbirlərin həyata keçirilməsində əməkdaşlığa, yüksək vəzifəli Bolqarıstan  nümayəndələrinin səfərlərində, həmçinin universitet nümayəndələrinin Bolqarıstana  səfərlərində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Səfir 24 may tarixinin həm də milli qürur bayramı olduğunu,  orta əsrlər  Bolqarıstan dövlətinin ümumi Avropa sivilizasiyasına və slavyan xalqlarına verdiyi unudulmaz töhfəni xatırlatdığını vurğulayıb. 1 yanvar 2007-ci il tarixində Bolqarıstan Respublikasının Avropa Birliyinə  daxil olması ilə bu gün qeyd edilən kiril əlifbasının Avropa Birliyinin Latın və Yunan dillərindən sonra üçüncü rəsmi yazısı olduğunu diqqətə çatdırıb. Hər bir xalqın fərdiliyini qoruyan yazı və mədəniyyətin olduğunu deyən səfir həyatını nəcib  və çətin peşə olan müəllimlik peşəsinə həsr edənlərin hamısına təşəkkür edib.

Səfir Bakı Slavyan Universitetində Bolqar tədris -mədəniyyət mərkəzinin fəaliyyət göstərməsinin, xüsusən də, bu günün işığında son dərəcə əhəmiyyətli olduğunu, onun  fəaliyyətinin ikitərəfli mədəni əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qarşılıqlı olaraq eyni məqsədləri, yəni Azərbaycan dilinin və mədəniyyətinin təbliğini qarşıya qoyan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 2013-cü ilin sentyabr ayından Bolqarıstanda yerləşən  Müqəddəs Kliment Oxridski adına olan Sofiya Universitetinin nəzdində fəaliyyət göstərdiyini xatırladıb.

BSU-nun bolqar dili müəllimi Biserka Veleva geniş məruzə ilə çıxış edib. O, ilk slavyan əlifbasını yaratmış şəxslərin həyat və fəaliyyətindən bəhs edib.

Sonra Elena və Mira İvanovi, həmçinin universitetin bolqar dili tələbələrinin ifasında bolqar dilində şeirlər təqdim olunub.

Sonda Kiril və Mefodi qardaşlarının himni səsləndirilib.