Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən təhsil festivalında BSU da təmsil olunub


Mayın 20-də Astarada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən təhsil festivalında Bakı Slavyan Universiteti (BSU) də təmsil olunub. Festivalda rektor Anar Nağıyevin rəhbərliyi ilə bir qrup nümayəndə heyəti iştirak ediblər.

Tədbir Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Astara rayonunun dənizkənarı park-bulvar kompleksində təşkil olunub.

Tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.

Festivalda müəssisələr xidmət və məhsullarından ibarət stendlər nümayiş etdirib, universitetlər, ümumi təhsil müəssisələri, peşə məktəbləri, bağçalar və məktəblərlə bağlı müxtəlif layihələr təqdim ediblər. Tədbir çərçivəsində tədris ilində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlər, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil edilib.

Respublika və beynəlxalq idman yarışlarının qaliblərinin də təqdimatı keçirilib. Kitab sərgisi, icma və məktəbəqədər təhsil müəssisələrinin şagirdlərinin təqdimatında tamaşa və musiqilər də təqdim olunub. Regionun peşə təmayüllü siniflərinin, kimyaçı istedadların və “Aqrobiomüxtəliflik” müsabiqəsinin iştirakçılarının, eləcə də “SABAH” alimləri və STEAM layihələrinin qaliblərinin təqdimatı nümayiş olunub.

Festival boyunca iştirakçılar maraqlı məlumatlar əldə edib, şagirdlərin rəsm işləri ilə tanış olublar. Ümumi təhsil müəssisələrinin məzunları düzgün ixtisas seçimi, təhsil tələbə kreditləri ilə bağlı da məlumatlandırılıb. Ümumilikdə, festivala 5 minə yaxın iştirakçı qatılıb.

Bundan başqa, festival iştirakçıları Astara şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarını da izləyiblər.

Festivala gələn çoxsaylı qonaqlara BSU üçün ayrılmış stenddə universitet haqqında müxtəlif bukletlər, məlumat kitabçaları və digər məlumatlar təqdim olunub. BSU-nun Lənkəran, Astara, Masallı və Yardımlı rayon məktəblərinin məzunları olan tələbələri festivala qatılan ziyarətçilərə və qonaqlara universitetin fəaliyyəti, təlim-tədris prosesinin təşkili, həyata keçirilən çoxsaylı layihələr, tədbirlər, beynəlxalq əlaqələr, əcnəbi tələbələr üçün təhsil imkanları haqqında məlumat veriblər.

Həmçinin, BSU-nun təmsilçiləri festivaldakı digər universitetlərin layihələri ilə yaxından tanış olub, onların əməkdaşları və tələbələri ilə müxtəlif istiqamətlərdə müzakirələr aparıblar.