BSU və Lənkəran-Astara Regional Təhsil İdarəsi birgə dəyirmi masa keçirib

Mayın 19-da Astara rayon Nail Həsənov adına Kijəbə qəsəb tam orta məktəbdə Bakı Slavyan Universitetinin (BSU) Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə təşkil etdiyi “İnklüzivliyə doğru növbəti addım” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir cari ilin 2 iyun tarixində BSU-da keçirilməsi nəzərdə tutulmuş “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı II Respublika elmi-praktik konfransı öncəsi BSU-nun rəhbərliyi və BSU-da fəaliyyət göstərən “İnklüziv təhsilə dəstək” mərkəzinin nümayəndələrinin iştirakı ilə bir neçə regionda (Şamaxıda, Astarada, Biləsuvarda, Şəmkirdə) nəzərdə tutlumuş növbəti silsilə tədbirlərdən biridir. Bu görüşlərin keçirilməsində başlıca məqsəd regionlarda inklüziv təhsillə bağlı vəziyyəti öyrənib müzakirə etmək, fikir mübadiləsi əsasında ümumiləşdirmələr aparmaq və nəticədə respublikamızın inklüziv təhsilinə töhvələr verməkdən ibarətdir.

Öncə, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Astara rayon Nail Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbinin müdiri Təbrizə Rəsulova açaraq, qonaqları və tədbir iştirakçılarını salamlayıb. Təbrizə xanım məlumat verib ki, rəhbərlik etdiyi məktəbdə 641 nəfər şagird təhsil alır. Onlardan 27 nəfəri risk qrupuna daxildir. SİM (Sağlamlıq İmkanları Məhdud) şagirdlərin sayı isə 22 nəfərdən ibarətdir. Məktəbdə inklüziv siniflər mövcuddur. 

BSU-nun Elmi işlər üzrə prorektoru Nailə Xəndan rektor Anar Nağıyevin salamlarını dəyirmi masa iştirakçılarına çatdırıb. O, bildirib ki, BMT-nin 2006-cı ildə imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında“ Konvensiyasını imzalayan tərəflərdən biri kimi Azərbaycan Respublikası da inklüziv təhsili həyata keçirmək öhdəliyini öz üzərinə götürüb və bu missiyanı müvəffəqiyyətlə yerinə yetirir. Bu istiqamətdə universitetimizdə də mühüm işlər görülür. Nailə Xəndan dəyirmi masanın əhəmiyyətini qeyd edərək SİM uşaqların təhsilində sosiallaşmanın rolunu xüsusilə qeyd edib. Bu gün keçiriləcək dəyirmi masanın faydalı olacağına əminliyini bildirib. 

BSU-nun Təhsil fakültəsinin dekanı Sevinc Axundova da gələcək birgə əməkdaşlıq üçün bu dəyirmi masanın rolunu vurğulayıb. Təhsil fakültəsi haqqında geniş məlumat verərək qeyd edib ki, 2022-ci ildən psixologiya və korreksiyaedici təlim ixtisasları da tədris olunan ixtisaslara əlavə olunub. BSU-nun inklüziv strategiyasının həyata keçirilməsində bir sıra addımların atıldığını diqqətə çatdırıb, bu sahədə keçirilən tədbirləri, o cümlədən maarifləndirmə həftəsi, xüsusi tematik otaqların təşkil olunması, inklüziv təhsil üzrə mütəxəssislərin terapiya və oyun otaqlarında təlimlər keçdiyini iştirakçıların nəzərinə çatdırıb. Sevinc xanım BSU-nun İbtidai təhsil kafedrasının fəaliyyətindən danışaraq, inklüziv təhsillə bağlı layihənin 2014-cü ildən fəaliyyət göstərdiyini, BSU tələbələrinin könüllü kimi layihənin işində fəal iştirak etdiyini, gələcəkdə məzunların əlilliyi olan uşaqlarla işləyən, əmək bazarında bu sahədə peşəkar kadrlar  kimi formalaşdığıni bildirib.

Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Əliyeva Aygün Paşa qızı “SİM uşaqların valideynləri ilə psixoloji işin xüsusiyyətləri” adlı məruzəsində SİM uşaqların valideynləri ilə iş, onlara psixoloji dəstəyin göstərilməsi, bu uşaqların inklüziv təhsilə cəlb olunması və görüləcək işlərin effektivliyinin artırılması üçün valideynlərin maarifləndirilməsi, bu sahədə məktəb psixoloqlarının üzərinə düşən vəzifələrdən danışdı.

Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Afaq Bəxtiyar qızı Nəsibova “İnklüziv təhsil Azərbaycan təhsil strategiyasının prioritet məsələsi kimi” adlı məruzəsində Müasir dövrdə inklüziv təhsilin önəmindən, onun həyata keçirilməsində rastlanan problemlər, bu problemlərin həlli yolları, inklüziv təhsil mühitində bullinq halları və onların qarşısının alınmasının vacibliyindən danışdı.

Bakı Slavyan Universitetinin İbtidai təhsil kafedrasının dosenti Hafiz Əliyev çıxış edərək məsələyə öz münasibətini bildirmışdir. Çıxışinda, sağlamlıq imkanları məhdud olan uşaqların inklüziv təhsilə cəlb olunmasının əhəmiyyətindən danışaraq, bunun üçün vacib olan məsələlərin həyata keçirilməsindən bəhs etmişdir. Bu işdə ilk atılacaq addımlardan biri kimi SİM uşaqların valideynlərinin maarifləndirilməsini əsas şərtlərindən biri kimi qeyd etmişdir. Xüsusən, bölgələrdə valideynlər daha az məlumatlı olduğu üçün bəzən öz övladlarından utanır, onları cəmiyyət arasına çixartmaqdan , təhsilə cəlb etməkdən çəkinirlər.Buna görə valideynləri məlumatlandırmaq və maarifləndirmək üçün müxtəlif təlimlərin, seminarların keçirilməsi məqsədə uyğun olar.

Lənkəran Dövlət Universitetinin Pedaqogika, Təhsildə Sosial Psixoloji Xidmət və İncəsənət kafedrasının müdiri Afiq Əliyev öz kafedrası haqqında məlumat verərək bildirib ki, o, bu müzakirələrdə Lənkəran Dövlət Universitetinin 15 nəfər tələbəsi ilə birgə iştirak edir. Afiq müəllim öz çıxışında sosial mühitin formalaşmasında inklüziv təhsilin və təhsil işçilərinin müstəsna rolu olduğunu qeyd edib. O, bildirib ki, Lənkəran Dövlət Universitetində İnklüziv təhsil fənni tədris olunur və 2022-ci ildən “Sosial iş” ixtisası tədris olunan ixtisaslara əlavə olunub. 

Lənkəran Rayon Təhsil Sektorunun nümayəndəsi Mais Quliyev sosial mühitdə həyati bacarıqların aşılanmasının mütləq olduğunu xüsusi vurğulayıb. Məktəb müəllimlərinə xüsusi təlimlərin onlayn formatda olsa belə keçirilməsinin vacibliyini qeyd edib.  

Çıxışların sonunda müzakirələr davam edib. Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva, Astara Rayon Təhsil Sektorunun nümayəndəsi, İnklüziv təhsil üzrə mütəxəssis Baloğlan Əliyev mövzu haqqında öz fikirlərini bildirərək, regionda yerləşən məktəblərdə təhsil alan SİM uşaqlar haqqında məlumat verib, problemlərdən danışıb, SİM uşaqlara sahib ailələrdə valideynlər üçün təlimlərin keçirilməsinin zəruriliyini qeyd ediblər və gələcək əməkdaşlıqlara hazır olduqlarını bildiriblər.