BSU-da tələbələr üçün "Narkomaniyaya yox!" adlı tədbir keçirilib

Mayın 16-da Bakı Slavyan Universitetində(BSU) Xarici dil müəllimliyi fakültəsinin, həmin fakültənin nəzdində fəaliyyət göstərən Germanistika İnstitutunun və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox!" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, bu gün BSU-da bütün cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bir tədbir gerçəkləşir. Vurğulayıb ki, müasir dünyamız üçün böyük bəlaya çevrilmiş "ağ ölümlə" mübarizənin həyata keçirilməsi, xüsusilə də, gənclər arasında maarifləndirmə işlərinin aparılması çox vacibdir.

Sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Vasif Quliyev tədbirin təşkilinə görə BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib və mövzu haqqında təqdimatla çıxış edib. Maraqlı slaydlarla müşayiət olunan təqdimatda narkomaniyanın fəsadları, doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, narkotik vasitələrin qanunsuz dövriyyəsinin statistikası, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə ətraflı məlumat verilib və tələbələrə bu zərərli vərdişdən uzaq olmaq tövsiyə edilib.

Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov tədbirin tələbələr üçün aktual əhəmiyyət kəsb edən mövzuya həsr olunduğunu vurğulayıb və narkomaniyanın ağır nəticələri barədə fikirlərini bölüşüb.
Tədbir tələbələrin mövzu barədə suallarının cavablandırılması, maarifləndirici broşürlərin, bukletlərin və metodik vəsaitlərin paylanılması ilə başa çatıb.