“Yüksəliş” müsabiqəsi BSU-da təlimlərə başlayıb

“Yüksəliş" müsabiqəsinin qalibləri, ekspert və təlimçiləri tərəfindən Bakı Slavyan Universitetinin (BSU) gənc əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, mayın 15-də “Yüksəliş” müsabiqəsi BSU-da "Uğurlu təqdimatın sirləri" mövzusunda təlim təşkil edib.

Təlimdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı müvafiq Sərəncamla "Yuksəliş" müsabiqəsinin təsis olunduğunu diqqətə çatdıraraq, bu müsabiqənin məqsədinin yüksək peşəkar bacarıqlara malik kadr bazasının toplanmasından ibarət olduğunu deyib. Rektor “Yüksəliş” müsabiqəsinin ekspert və qaliblərinin universitetin gənc əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə silsilə təlimlər keçirəcəyini qeyd edib. Anar Nağıyev bu təlimlərin yenidən bərpa olunan Qarabağın, eləcə də ölkəmizin inkişafı kontekstində univeristet əməkdaşlarının da inkişafına zəmin yaradacağını ifadə edərək, iştirakçılara uğurlar arzulayıb.

Təlimdə insan resursları və inzibati idarəetmə sahəsində 20 ildən çox təcrübəyə malik Vüsalə Kərimova “Yüksəliş” müsabiqəsinin keçirilmə qaydası, qiymətləndirilmə meyarları haqqında ümumi məlumat verib.

Sonra təlimçi təqdimatın düzgün qurulması, ictimaiyyət qarşısında çıxış zamanı vacib məqamlar və digər faydalı məlumatları iştirakçılarla bölüşüb. 

Sonda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlərin sonunda iştirakçılar imtahanın nəticəsinə görə sertifikatla təmin olunacaqlar.