Mayın 12-də Bakı Slavyan Universitetinin (BSU) Belarus tədris-mədəniyyət mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BSU-nun Slavyan filologiyası kafedrasının müdiri, professor Rafiq Novruzov “Heydər Əliyev və Bakı Slavyan Universiteti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmani ilə ölkənin təhsil sisteminin təkmilləşdirilməsi, o cümlədən M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında öz istiqaməti üzrə unikal bir tədris ocağı kimi tanınan Bakı Slavyan Universitetinin yaradılması ilə bağlı mühüm addım atıldığı qeyd olunub.
BSU-nun Humanitar və sosial elmləri fakültəsində İxtisas ölkənin dili (Belarus dili) fənnindən təhsil alan 1-ci və 2-ci kurs tələbələri “Heydər Əliyev siyasəti. Azərbaycan və Belarus Respublikaları arasında dostluq və dinamik inkişaf” mövzusunda təqdimatlarla çıxış ediblər.
Sonra tədbir iştirakçılarına mərkəz tərəfindən hazırlanmış “Heydər Əliyevin belarus dilinə tərcümə olunmuş kəlamları” bukletləri təqdim olunub.
Sonda "Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” adlı videoçarx nümayiş olunub.