BSU-da YAP Gənclər Birliyinin nəzdində formalaşdırılan “YENİ Klub”un təsis toplantısı keçirilib

Martın 16-da Bakı Slavyan Universitetində (BSU) YAP Gənclər Birliyinin nəzdində formalaşdırılan “YENİ Klub”un təsis toplantısı keçirilib.

Tədbirdən öncə BSU-nun foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təsis toplantısını giriş nitqi ilə açan BSU-nun prorektoru Ənvər Abbasov gəncliyin Azərbaycan siyasətində mühüm rol oynadığını bildirib. Ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib.

Daha sonra BSU-nun nəzdində formalaşdırılan “YENİ Klub” la bağlı məlumat verilib. Klubun rəhbəri, Tərcümə fakültəsinin tələləbəsi İlkin Xəlilov, koordinatorlar Filologiya fakültəsinin tələbəsi Güllü Məmmədova, Xarici dil müəllimliyi fakültəsinin tələbəsi Murad Abbasov təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, debatlar, diskussiyalar, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Çıxışında ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq. Həmçinin, univeristetlər də təhsil alan tələbələr arası şəbəkələşmə yaranacaq.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.