BSU-da alman danışıq dili kursları yenidən təşkil edilib

Bakı Slavyan Universitetinin (BSU) Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsində alman danışıq dili kursları yenidən təşkil edilib. Kursların təşkil olunmasında məqsəd tələbələrin alman dili üzrə bilik səviyyələrinin artırılmasıdır.

BSU-nun Xarici dil müəllimliyi fakültəsinin nəzdində Alman filologiyası kafedrasının və Germanistika İnstitutunun müdiri, professor Sevinc Rzayeva daha yüksək səviyyədə təşkil edilmiş bu kursların tələbələrin alman dili üzrə biliklərinin inkişaf etməsinə və onların dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Sözügedən kurslar 2022-2023-cü tədris ilinin yaz semestrində həftədə bir dəfə Alman filologiyası kafedrasının nəzdində Vilhelm fon Humboldt adına Alman Tədris və Mədəniyyət Mərkəzində Alman dili müəllimliyi və Almaniyaşünaslıq ixtisaslarında təhsil alan II, III tədris ili tələbələri üçün nəzərdə tutulub. Kurslar DAAD-ın lektoru Lyudmila Klotz tərəfindən keçirilir.

Qeyd edək ki, DAAD-ın dil üzrə assistenti Kaiqianq Zhanq da hazırda kafedranın tədris yükünə daxil olan "Xarici dilin kommunikativ qrammatikası II" fənnini tədris edir.