BSU əməkdaşları TKTA-nın sertifikatları ilə təltif olunub

Martın 1-də Bakı Slavyan Universitetində (BSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin( TKTA) ali təhsil müəssisələrində daxili keyfiyyətin təminatı ilə bağlı keçirilmiş təlimlərində iştirak edən universitet əməkdaşları sertifikatla təltif olunub.  

Giriş nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Elm və Təhsil Nazirliyinə (ETN) və ETN-nin tabeliyində yaradılmış TKTA-ya öz təşəkkürünü bildirib. Anar Nağıyev bu günkü tədbirdə BSU və TKTA arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlərin nəticəsi olaraq sertifikatların təqdim olunacağını qeyd edib. Rektor Agentliyin müasir təhsil sistemində keyfiyyətin təmin olunması, yeni akkreditasiya qaydalarının müəyyən edilməsi prosesinin təşkilində xüsusi rolu olduğunu deyib. Anar Nağıyev keyfiyyətli təhsil prosesinin qorunması, yeni bacarıqların öyrənilməsi üçün yaradılan imkanlardan istifadə etmənin vacibliyindən bəhs edib. O, bu tip təlimlərin əməkdaşların müasir tələblərə uyğun bacarıqlarını inkişaf etdirib, davamlı şəkildə öyrənmənin artması baxımından əhəmiyyətini vurğulayaraq BSU ilə TKTA arasında əməkdaşlığın davamlı olacağına inamını ifadə edib.

TKTA-nın İdarə Heyətinin sədr müavini Kamran Rəsulov dəvətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, TKTA-nın fəaliyyət istiqamətləri, ali və orta təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirilən təlimlər haqqında məlumat verib. O, qeyd edib ki, ötən il ərzində 35 ali və 4 orta ixtisas təhsil müəssisəsində baş tutan təlimlərdə 1000-dən çox universitet əməkdaşı iştirak edib.

Sonda BSU əməkdaşlarına TKTA-nın sertifikatları təqdim olunub.